İraqdakı hərbi qüvvələrinin sayını artırmaq qərarı verən NATO PKK terror təşkilatının yeni qurulacaq qruplarını dəstəkləyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
NATO-nun İraqdakı nümayəndəsi general-leytenant Pyer Olsen alyansın bölgədə yeni strategiya tətbiq etməyə başlayacağını, bölgədəki qüvvələrini artıracağını, PKK-nı silahla təmin edəcəyini və “yerli qüvvələr” adı altında təlim keçəcəyini təsdiqləyib.
Olsey qeyd edib ki, qarşıdakı aylarda təlim və digər dəstək verilən təşkilatlar bəlli olacaq.
Qəzet qeyd edib ki, NATO İraqdakı hərbi qüvvələrinin sayını artırdıqdan sonra bu ölkədə yeni bir strategiya həyata keçirəcək:
“İraqda birbaşa qərargah və müstəqil hərbi mərkəz inşa etməyən NATO əvvəlcə Bağdadın Yaşıl bölgəsindəki qərargahını boşaldacaq. İraq mərkəzi hökuməti və İraq Kürd Regional Rəhbərliyinin Daxili İşlər, Ədliyyə və Müdafiə Nazirliyinə yerləşdirilən NATO mütəxəssisləri bütün qərar və atılacaq addımları idarə edəcək. NATO həm İraq mərkəzi hökumətinə, həm də regional rəhbərliyə kəşfiyyat və ictimai təhlükəsizlik strukturlarında aktiv olmaq istəyini çatdırıb. Bu strukturlarda məsləhətçi və təlimçi kadrların yerləşdirilməsini istəyib.
NATO bununla həm hərbi, həm siyasi, həm sosial, həm də iqtisadi qərarların qəbul olunmasında iştirak edəcək. NATO bir tərəfdən təsir dairəsini artıracaq, digər tərəfdən “işğalçı” imicindən uzaq duracaq. Bu, İranın dəstəklədiyi qruplaşmaların hədəfi olmaq istəməyən NATO üçün ilk qərar olacaq.
PKK-nın işğalı altındakı ərazilərdə və Mosulun müsəlman olmayan bölgələrində isə bu strategiya yerli qüvvələr, eləcə də İŞİD əleyhinə təlim və silah təchizatı səviyyəsində həyata keçiriləcək. Mosulda “azad edilmiş bölgə planı” çərçivəsində suriyalılar, kəldanilər, yezidilər, ermənilər və şəbək gənclərinə təlim veriləcək. PKK terror təşkilatına digər adlar altında yerli qurumlar vasitəsilə siyasi və hərbi dəstək veriləcək”.
Nəşr NATO-nun bu stretegiyasının Türkiyənin etirazına səbəb olacağını istisna etməyib.