Birləşmiş Krallıqda fəaliyyət göstərən Britaniya Azərbaycanlıları Cəmiyyəti, Beynəlxalq Azərbaycan Cəmiyyəti və Birləşmiş Krallıq - Azərbaycan Alyansı Ermənistanın mina xəritələri ilə bağlı yolverilməz davranışına etiraz əlaməti olaraq bu ölkədəki beynəlxalq təşkilatlara müraciət edib.
Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Fəridə Pənahova və Vüqar Axundovun adından Böyük Britaniya Xarici Əlaqələr Komitəsinin üzvlərinə, "HALO trust" təşkilatına, BMT-nin, "Amnesty İnternational" və "Human Rights Watch" təşkilatlarının Birləşmiş Krallıqdakı nümayəndəliyinə ünvanlanan müraciətlərdə ötən il 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyinə, lakin, təxminən, 30 ilə yaxın öz doğma el-obalarından didərgin düşən həmyerlilərimizin indiyədək öz evlərinə dönə bilmədiyinə diqqət cəlb edilib. "Erməni silahlı qüvvələri işğaldan azad olmuş ərazilərə minlərlə minalar yerləşdiriblər. Minalar isə gözə görünməyən qatil kimidir, hərbçi və mülki sakini, təəssüf ki, bir-birindən fərqləndirmək xüsusiyyətinə malik deyil".
Azərbaycanın bu istiqamətdə müəyyən ciddi addımlar atdığı və bu təhlükənin aradan qaldırılmasına çalışdığı, lakin Ermənistanın Azərbaycan ərazilərində yerləşdirdiyi minalar səbəbindən həsrət qaldıqları torpaqları görmək üçün işğaldan azad olunmuş ərazilərə səfərlər edən Azərbaycan vətəndaşlarının həlak olduğu və ya müxtəlif bədən xəsarətləri aldığı nəzərə çatdırılıb.
Soydaşlarımız beynəlxalq təşkilatları Ermənistana güc və təsir etmək yolu ilə minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsinə nail olmağa çağırıblar: "Azərbaycan höküməti maliyyə fondlarının minalardan təmizlənmə layihəsinə ayırdığı vəsaitləri Qarabağ bölgəsinin bərpasına xərcləyərsə, orada normal həyat şəraiti qısa zamanda təmin oluna bilər".