Rəsmi Pekin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına başlanmasını bu ölkədə atəşkəsə ciddi zərbə hesab edir.
Teleqraf.com xəbər verir ki, bunu Çin xarici işlər naziri Van İ pakistanlı həmkarı Şah Mehmud Qureşi ilə telefon danışığı zamanı bildirib.
“Van İ qeyd etdi ki, ABŞ-ın Əfqanıstandan qoşunlarını tələsik çıxarması artıq Əfqanıstanda atəşkəs prosesinə ciddi zərbə olub, eyni zamanda regional sabitliyə də mənfi təsir edib”, - deyə Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda qeyd olunub.
Çin tərəfinə görə, Əfqanıstanın qonşu ölkələri qarşılıqlı əlaqələri gücləndirməli və koordinasiya edilmiş addımlar atmalıdır.
Van İ Pakistanın Əfqanıstanda sülhə nail olmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirib və bölgədə sabitliyi gücləndirmək üçün ortaq tədbirləri davam etdirməyə hazır olduğunu bildirib.
Bundan əvvəl Əfqanıstan Prezidenti Əşrəf Qani ABŞ əsgərlərinin ölkədən çıxmasından sonra respublikada vətəndaş müharibəsinin başlayacağını istisna etməyib.
Amerika qoşunlarının Əfqanıstandan çıxarılması mayın 1-də başlayıb və sentyabrın 11-dək başa çatacaq.