20 May 2021 21:00
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində əhalinin COVID-19 virusuna qarşı vaksinasiyasında istifadə olunan peyvəndlərin siyahısına "CanSino Biologics" şirkətinin istehsalı olan vaksin də əlavə olunub.

Teleqraf.com xəbər verir ki, vaksinasiyada istifadə olunan “Sinovac” və “Sinopharm” şirkətlərinin ikidozalı inaktiv peyvəndlərindən fərqli olaraq Çin Hərbi Tibb Akademiyası və "CanSino Biologics" şirkəti tərəfindən birgə hazırlanan peyvənd birdozalı rekombinant vaksindir. Bu peyvəndin tətbiqinə ilkin mərhələdə Şanxay şəhərində başlanılıb.

Çinin Dövlət Tibbi Məhsullar Administrasiyası fevralda "CanSino Biologics" şirkətinin istehsalı olan vaksinin kütləvi marketinqinə icazə verib.

Bildirilir ki, "CanSino" şirkətinin peyvəndinin bir dozası bədəndə humoral və toxuma immun cavabı yaradır. Vaksinin saxlanma və daşınması üçün 2-8 dərəcə Selsi temperatur rejimi tələb olunur. Ötən ilin mart ayında dünyada yeni növ koronavirusa qarşı birinci olaraq bu peyvəndin insanlar üzərində kliniki sınaqlarının ilk mərhələsinə başlanılıb. Sınaq yeni növ koronavirusun ilk aşkarlandığı Hubey vilayətinin paytaxtı Uhan şəhərində təşkil olunub. Vaksinin immunogenliyi və təhlükəsizliyi baxımından tədqiqatların ikinci mərhələsinin nəticələri ötən ilin iyulunda resenziyalaşdırılan “The Lanset” tibb jurnalında dərc edilib. Vaksinin bir dəfə yeridilməsi təhlükəsiz olub və sınaqda iştirak edənlərin əksəriyyətində immun cavabına səbəb olub. İlk 14 gün ərzində pasiyentlərdə immun cavabı müşahidə olunub, 28 gün ərzində tədqiqat iştirakçılarının əksəriyyətində əhəmiyyətli humoral və toxuma immun cavabı yaranıb. Kliniki sınaqların üçüncü mərhələsi isə Çin ilə yanaşı, Pakistan və Rusiyada da aparılıb, fevralın 8-də açıqlanan ilkin nəticələrə əsasən onun effektivliyi 74,8 faiz olub.

Qeyd edək ki, Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ölkədə COVID-19 infeksiyasına qarşı , vaksinasiya prosesi çərçivəsində əhaliyə 449,5 milyon doza peyvənd vurulub. Çin bu göstərici üzrə dünyada birincidir.


Müəllif: Teleqraf.com