Nyu-Yorkda 2001-ci ildə 11 sentyabr terror hücumlarının baş verməsindən 13 il sonra yeni inşa edilmiş Dünya Ticarət Mərkəzinin açılışı olub.
Teleqraf.com amerikaninsesi.org-a istinadən xəbər verir ki, şəhərin Manhetten bölgəsində 541 metr hündürlüyü olan göydələn Şimali Amerikada ən yüksək binadır. Onun inşasına 3,9 milyard dollar sərf edilib.
Göydələn bir zamanlar Dünya Ticarət Mərkəzinin qoşa binalarının yerləşdiyi yerdə ucaldılıb.
Yeni ticarət mərkəzində “Conde Nast” nəşriyyat evi, hökumətin ümumi xidmətlər idarəsinin ofisləri və Çin Mərkəzi yerləşəcək. Bundan başqa, binada müxtəlif sığorta, investisiya və əyləncə şirkətləri də ofisləri üçün icarəyə yer götürəcək.
Qeyd edək ki, Dünya Ticarət Mərkəzinin qoşa göydələnləri 2001-ci ildə Əl-Qaidə terrorçularının qaçırdıqları iki təyyarəni binalara vurması nəticəsində dağılıb. Hadisə nəticəsində 2700-dən çox insan həyatını itirib.
Samir