Ukrayna prezidenti Petro Poroşenko və Almaniya kansleri Angela Merkel Donbasdakı vəziyyəti, xüsusən də buraya hərbi qüvvələrin və ağır texnikanın cəlb olunmasını müzakirə ediblər.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.
Poroşenko qeyd edib ki, son hadisələr özünü "LXP" və "DXR" adlandıran qurumların nümayəndələrinin Minsk razılaşmasını pozmasından xəbər verir. O, deyib ki, Rusiya tərəfindən də Minsk razılaşmasına əməl edilməsi istqamətində addımlar müşahidə olunmur.
Merkel qeyd edib ki, bütün tərəflər Minsk razılaşmasına tam şəkildə əməl etməlidirlər. O, həmçinin vurğulayıb ki, Ukraynadakı situasiya noyabrın 15-16-da "Böyük iyirmiliy"in Avstraliyanın Brisben şəhərində keçiriləcək sammitinin əsas müzakirə mövzularından biri olacaq.
Dövlət başçıları həmçinin Donbas sakinləri üçün humanitar yardım və enerji təhlükəsizliyi məsələsini də müzakirə ediblər.