30 Noyabr 2021 12:44
2 986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karib dənizi hövzəsi ölkəsi Barbados Böyük Britaniya kraliçasının formal dövlət başçısı hesab olunduğu siyasi sistemdən imtina prosesini başa çatdırıb. Bundan dərhal sonra hakimiyyət müğənni Rihannanı ölkənin milli qəhrəmanı elan edib.

Teleqraf.com xəbər verir ki, Barbados hökumətinin Britaniya monarxiyasının hökmranlığından tamamilə çıxışından sonra ilk qərarlarından biri də bu adada doğulmuş müğənni Rihannanın ölkəsinin milli qəhrəmanı elan edilməsi olub.

Bu barədə baş nazir Mia Mottli birinci prezidentin andiçmə mərasimində bildirib. Tədbirdə Rihanna da iştirak edib. 2018-ci ildə müğənni Barbadosun fövqəladə və səlahiyyətli səfiri rütbəsinə layiq görülüb.

“Biz sizə Barbadosun seçilmiş milli qəhrəmanını və səfiri – Robin Rihanna Fentini (Rihannanın tam adı) təqdim edirik. Və almaz kimi parlamağa davam edin”, - deyə baş nazir Rihannanın ən populyar mahnılarından biri olan “Diamonds”u nəzərdə tutaraq deyib.

Xatırladaq ki, Barbados noyabrın 30-da rəsmən respublika olub və Britaniya monarxiyasının hökmranlığından çıxıb. Barbadosun ilk seçilmiş prezidenti Sandra Meyson bu gün vəzifəsinin icrasına başlayıb.

İnauqurasiya mərasimində Britaniya taxtının varisi şahzadə Çarlz iştirak edib.

“Yeni respublikanın yaradılması yeni başlanğıcdır. Bu adanın sakinləri keçmişimizin ən qaranlıq günlərindən, tariximizi əbədi ləkələyən dəhşətli və qəddar əsarətdən qeyri-adi mətanətlə yola düşüblər”, - deyə o, kraliça II Yelizavetanın ən xoş arzularını çatdırıb.

Hazırda əhalisi təxminən 300 min nəfər olan ada dövləti Barbados XVII əsrdən bəri Britaniya taxt-tacının hakimiyyəti altındadır. Bu ingilis mülkünün iqtisadiyyatının əsasını qul əməyinin istifadə edildiyi plantasiyalar təşkil edirdi.

Britaniya koloniyalarında quldarlıq yalnız 1834-cü ildə ləğv edilib.

1966-cı ildə Barbados Böyük Britaniyadan dövlət müstəqilliyini əldə edib, lakin Britaniya Millətlər Birliyinin üzvü olaraq qalıb. Formal dövlət başçısı, bir sıra digər keçmiş koloniyalarda olduğu kimi, öz nümayəndəsini – general-qubernatoru təyin edən Böyük Britaniyanın monarxı olaraq qalıb. Əslində belə ölkələr müstəqillik əldə etdikdən sonra general-qubernatorları kraliça yalnız yerli hakimiyyət orqanlarının tövsiyəsi ilə təyin edir, icra hakimiyyəti isə milli hökumətin əlində qalırdı.

Barbados monarxiyadan imtina etdikdən sonra dünyada Britaniya monarxını dövlət başçısı kimi tanıyan 14 ölkə qalır.


Müəllif: Səxavət