"Əgər bütün yetkin almanlar peyvənd olunsaydılar, biz bu vəziyyətə düşməzdik. Bu, həqiqətdir”.
Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın Səhiyyə naziri Yens Şpan Berlində epidemiya ilə bağlı keçirdiyi həftəlik brifinqdə deyib.
Nazir koronavirus epidemiyası ilə bağlı görülən yeni tədbirlərin ciddiyə alınmasını istəyib: “Ölkədəki əlavə COVID-19 tədbirləri çoxları üçün çox gecdir. Hamıdan epidemiyaya və ehtiyat tədbirlərinə ciddi yanaşmağı xahiş edirəm. Təmasları mümkün qədər azaldın. Əlavə əziyyətin qarşısını almağa kömək edin. Peyvənd olunsanız, özünüzü və yaxınlarınızı belə qoruya bilərsiz”.
Alman nazir həmçinin xəbərdarlıq edib ki, yoluxma hallarının sayı yüksək qalsa, Milad öncəsi reanimasiya şöbələrində sıxlıq yarana və səhiyyə sistemi çətinə düşə bilər: “Önümüzdəki həftələrdə reanimasiya şöbələrində COVID-19 xəstələrinin sayının 5 mini keçəcəyini təxmin edirəm. Tədbirlər qüvvəyə minib, ancaq bunun nəticələri iki-üç həftəyə bəlli olacaq. Xəstələr yaxın həftələrdə reanimasiya şöbələrinə köçürülməyə başlayacaqlar. Reanimasiya şöbələrində vəziyyət çox təəssüf ki, Miladda kulminasiya nöqtəsinə çatacaq”.