ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Rusiya Prezidenti Vladimir Putinlə Amerika lideri Co Baydenin videokonfrans vasitəsilə görüşü ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Sallivan görüşün əsas mövzusunun Ukrayna olduğunu bildirib.
“Bayden və Putin arasında aparılan danışıqlar səmimi atmosferdə keçdi. Prezident Bayden Prezident Putinlə açıq və birbaşa danışmaq fürsətini alqışladı”, - diplomat qeyd edib.
Onun sözlərinə görə, Bayden görüşdə ABŞ-ın Ukraynanın suverenliyinə dəstəyini bir daha təsdiqləyib: “ABŞ Putinin Ukraynanı işğal etmək qərarına gəldiyinə inanmır”.
Sallivan liderlər arasında “Şimal axını-2” məsələsinin də müzakirə edildiyini açıqlayıb:
“Bayden Putinə bildirib ki, Rusiya Ukraynaya müdaxilə edərsə, ABŞ Kiyevə əlavə müdafiə yardımı göstərəcək. Putin “Şimal axını-2”də qaz axını görmək istəyirsə, Ukraynaya müdaxilə etməməlidir”.
O, liderlərin görüşündə İran məsələsinin də müzakirə olunduğunu diqqətə çatdırıb.