Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakış Ukraynada Rusiya və NATO arasında qarşıdurmanın qaynar fazasının baş verməsi ehtimalını dəyərləndirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Novosti” agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, yüksək gərginlik zamanı kiçik qığılcım belə daha geniş qarşıdurmalara səbəb ola bilər: “Amma Moskva ilə alyans arasında qızğın qarşıdurma ehtimalı azdır. Çünki bu, müəyyən mənada Üçüncü Dünya Müharibəsinin başlanğıcı deməkdir”.
Yakış onu da bildirib ki, Türkiyənin NATO-nun əsas çevik reaksiya qüvvəsində (VJTF) iştirakına baxmayaraq, Ankara Rusiya ilə yaxşı münasibətləri qoruyub saxlamağa nail olur. O, Ankara və Moskvanın bir çox məsələdə çətinliklərə baxmayaraq, münasibətlərin qorunması üçün birgə tədbirlər görə bildiyini deyib: “Məsələn, buna Liviyada və qismən də İdlibdə nail olunub”.
“Blumberq” agentliyi isə Türkiyənin iki ölkə sərhədində hərbi əməliyyatların başlayacağı təqdirdə Kiyevin tərəfindən Moskva ilə münaqişəyə girməyəcəyini yazıb. Amerika nəşri bildirib ki, Ankara NATO üzvü olmasına və Ukrayna ilə hərbi əməkdaşlığı fəal şəkildə inkişaf etdirməsinə, baxmayaraq Kiyevə açıq dəstək verməyəcək.