19 Yanvar 2022 21:26
1 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ABŞ Dövlət katibi Blinkenlə müzakirəmizin mövzusu Ukraynanın sərhədlərindəki təhlükəsizlik vəziyyəti və müvəqqəti işğal olunmuş Donbasdakı vəziyyət idi”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba ABŞ Dövlət katibi Blinkenlə Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

“Rusiyanın birinci planı odur ki, Ukrayna dövlət kimi mövcud olmasın, lakin Ukrayna mövcuddur və o inkişaf edir. Biz çətin zamanlardan keçmişik, keçirik, bizim vətəndaşlarımız həlak olur, bunlar çətindir, amma biz güclüyük və deyərdim ki, həmişəkindən daha güclüyük. Bizim güclü ordumuz, çox güclü diplomatiyamız və güclü tərəfdaşlarımız var. Biz Rusiyanın aqressiyasının risklərini başa düşürük, lakin inanırıq ki, bu çətinliklərin zamanın öhdəsindən gələcəyik və xilas olacağıq. Rusiyanın bu gün görmək istədiyi ən böyük şey Ukraynada panika və inamsızlıqdır. O, Ukraynanın daxildən zəifləməyini, bizim maliyyə sistemimizin zəifləməsini görmək istəyir. Lakin biz ölkədə maliyyə sisteminin stabilliyi üçün bütün səyləri göstəririk. Bizim iqtisadiyyatımız çətinliklərdən zərər görməyəcək.

Biz bilirik ki, ABŞ bizim yanımızdadır və bu təkcə təhlükəsizlik məsələsində deyil, həmçinin daxili güclənmə, islahatlar sahəsində də belədir”, - XİN rəhbəri bildirib.

O vurğulayıb ki, Ukraynanın iştirakı olmadan Ukrayna barədə danışıqlar getmir, qərarlar verilmir: “Bizim tərəfdaşlarımız əgər danışıqlar aparırsa, onlar bizi məlumatlandırır, biz onların nəyi müzakirə etdiyini bilirik”.

Nazir bildirib ki, amerikalı həmkarı ilə “Normand formatı”nı da müzakirə edib: “Bizim bu münaqişə üçün yalnız bir həllimiz var və bu diplomatik həldir. Əgər Rusiya da həqiqətən siyasi həll istəyirsə və bunu yalnız şüarlarla ifadə etmək istəmirsə, o zaman bu ölkə diplomatik müzakirələrdə iştirak etməlidir. Bu münaqişə yalnız o zaman həll oluna bilər ki, axırıncı rus əsgəri də Luqansk, Donetsk bölgəsini, Krımı və Sevastopol şəhərini tərk etsin”.

Kuleba ABŞ-ın Ukraynaya göstərdiyi hərbi yardıma görə Bayden administrasiyasına təşəkkür edib: “Bir daha qeyd edim ki, Ukrayna heç kimə hücum etməyi planlaşdırmır, biz yalnız öz müdafiə qabiliyyətimizi gücləndirmək üçün çalışırıq və bu mənada ABŞ bizim bir nömrəli partnyorumuzdur”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər