Slovakiya parlamentində ötən həftə ABŞ ilə imzalanmış hərbi sazişin müzakirə edildiyi iclasda müxalifətlə hakim partiyanın deputatları arasında qarşıdurma yaranıb.
Teleqraf.com xəbər verir ki, ABŞ-la əldə edilən müdafiə sahəsində əməkdaşlıqla bağlı parlamentdə ölkənin müdafiə naziri Yaroslav Nad məlumat verib.
Müdafiə naziri deyib ki, bu müqavilə ilə Slovakiya öz suverenliyini itirmir, əksinə, müttəfiqlərimiz bizə suverenliyimizi qarantiyanı təmin edir.
Nazir Nadın çıxışı zamanı müxalifət partiyalarından olan deputatlar fit çalaraq “Xainlər”, “Slovakiyaya işğal hazırlanır”, - deyə qışqırıblar.
Müdafiə sazişi Slovakiyanın baş prokuroru Maros Zilinka tərəfindən də tənqid edilib.
“Çexoslovakiya Sosialist Respublikası hökuməti ilə Sovet Sosialist Respublikaları İttifaqı arasında Sovet qoşunlarının Çexoslovakiyada müvəqqəti qalma şərtləri haqqında 1968-ci il oktyabrın 18-də qüvvəyə minmiş saziş hazırda ortada olan sazişdən daha sərfəli idi”,- Baş prokuror bildirib.
ABŞ və Slovakiya arasında imzalanmış saziş Slovakiya parlamenti tərəfindən ratifikasiya olunarsa, sənəd prezident Zuzana Çaputovanın imzasına təqdim olunacaq. Parlamentdə keçiriləcək səsvermədə müxalifət partiyalarının hamısı və iqtidar partiyalarının bir neçə üzvü bunun əleyhinə səs verəcəklərini açıqlayıb.
Razılaşma ABŞ əsgərlərinə Kuçina və Sliak Hərbi Hava Limanlarının infrastrukturundan və razılaşdırılmış digər obyektlərdən istifadə etməyə imkan verəcək. Müqaviləyə əsasən, ABŞ hərbi bazaların və digər obyektlərin modernləşdirilməsi üçün Slovakiyaya 100 milyon dollardan çox maliyyə yardımı göstərəcək. Müqavilə 10 il müddətinə qüvvədə olacaq.
Xatırladaq ki, Slovakiya 2004-cü ildən həm NATO-ya, həm də Avropa İttifaqına (Aİ) qoşulub.