17 May 2022 09:40
1 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu Rusiya qüvvələrini Severodonetsk istiqamətində Sirotine kəndi yaxınlığından çıxarıb. Döyüş əməliyyatları nəticəsində ruslar itki verərək geri çəkiliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Rusiya ordusunun şərq əməliyyat zonasında hücumunun davam etdiyi bildirilib. Ruslar əsas səylərini Donetsk istiqamətində cəmləyib.

Son 24 saat ərzində Donetsk və Luqanskda düşmənin 11 hücumu dəf olunub, 5 tank, 1 “Tor” zenit-raket kompleksi, 6 artilleriya sistemi, 12 zirehli döyüş maşını və bir nəqliyyat vasitəsi məhv edilib.

Rus ordusu Baxmut, Avdyevski və Kuraxiv istiqamətlərinə uğursuz hücum cəhdi edib.

Volın və Polissya ərazilərində vəziyyət dəyişməyib. Belarus ərazisindən Ukraynanın infrastrukturuna raket və hava zərbələri təhlükəsi qalmaqda davam edir.

Xarkov istiqamətində isə rus ordusunun əsas səyləri mövqelərini qoruyub saxlamağa və Ukrayna qoşunlarının irəliləməsinin qarşısını almağa yönəlib.

Ötən gün Ukrayna Quru Qoşunlarının və Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri 5 hava hədəfini vurub: Su-25 təyyarəsi, 3 PUA və 1 qanadlı raket.


Müəllif: Mənsur Rəğbətoğlu