Rusiya-Ukrayna müharibəsinin davam etdiyi vaxtda Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra başlayan ABŞ-Çin gərginliyinə yeni böhran əlavə olunur.
Teleqraf.com xəbər verir ki, ekspertlər Cənubi Koreya və ABŞ-ın gələn həftə keçirəcəyi hərbi təlimi Şimali Koreyaya qarşı “işğal məşqi” adlandırırlar.
Cənubi Koreya ordusu “Azadlıq Qalxanı” adlı yay təliminin 22 avqust - 1 sentyabr tarixləri arasında keçiriləcəyini açıqlayıb. Təlimdə döyüş təyyarələri, döyüş gəmiləri və tanklarla yanaşı minlərlə hərbçi də iştirak edəcək. İlk 4 gündə mülki müdafiə təliminin veriləcəyi hərbi məşqlərdə birgə hücum və təchizat ssenariləri də sınaqdan keçiriləcəkək.
Pilotsuz uçuş aparatları və yeni nəsil döyüş texnologiyalarının istifadəsi də proqrama daxil edilib. Bundan başqa, dəniz və hava limanlarına, habelə sənaye zonalarına qarşı hücumlarda hərbi-mülki dəstəkli müdafiə təlimləri veriləcək.
ABŞ Müdafiə Nazirliyi üçtərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədilə 8-14 avqust tarixlərində Havay sahillərində Amerika, Cənubi Koreya və Yaponiya donanmalarının təlimlərinin keçirildiyini açıqlayıb.
Cənubi Koreya və ABŞ bunu müdafiə təlimi kimi səciyyələndirsələr də, Şimali Koreya buna “işğalın məşqi” kimi reaksiya verəcəyi ehtimal olunur.
ABŞ müdafiə naziri Lloyd Ostin cənubi koreyalı həmkarı Li Çen Supla görüşündən sonra müttəfiqlərin müdafiə qabiliyyətini gücləndirmək və 2022-ci ilin ikinci yarısında birgə hərbi təlimi genişləndirmək barədə razılığa gəldiklərini açıqlamışdı.
2019-cu ildə ABŞ-ın sabiq prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın son görüşündən sonra danışıqlar dayandırılıb. Vaşinqton bundan sonra Pxenyanın dialoq çağırışına cavab verməyib. Beləliklə, Şimali Koreya bu il yeni raketləri sınaqdan keçirməyə başlayıb. Pxenyanın 7-ci nüvə sınağına hazırlığı başa çatdırdığı barədə məlumatlar da var.