ABŞ dövlət katibi Entoni Blinken diplomat Filip Rikeri Qafqazda danışıqlar üzrə baş müşavir təyin edib.
Teleqraf.com ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə E.Blinkenin yazılı bəyanatında deyilir.
"Mən səfir Filip Rikeri Qafqazda danışıqlar üzrə baş müşavir təyin edirəm. Səfir F.Riker bu vəzifədə bu kritik dövrdə Cenevrə Beynəlxalq Müzakirələrində ABŞ nümayəndə heyətinin aparıcı sözşüsü kimi fəaliyyət göstərəcək", - deyə bəyanatda bildirilir.
Qeyd edilib ki, ABŞ Ermənistan və Azərbaycana uzunmüddətli siyasi nizamlama üzrə danışıqlarda kömək etməyə sadiqdir.
"Səfir F.Riker Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu təşviq etmək üçün Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla ikitərəfli əsasda qarşılıqlı fəaliyyət göstərəcək. Hazırda səfir F.Rikerin təyin olunması ABŞ-ın Gürcüstanla bağlı Cenevrə Beynəlxalq Müzakirələrinə verdiyi əhəmiyyəti təsdiqləyir", - deyə E.Blinken əlavə edib.