28 Noyabr 2022 09:44
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vatikan Çindən yepiskopların təyin edilməsi razılaşmasını pozduğuna görə izahat istəyib.

Teleqraf.com xəbər verir ki, Vatikandan verilən açıqlamada Nançanda keçirilən mərasimlə Yuzyan yepiskopu Covanni Pen Veyçonun Vatikanın tanımadığı yeparxiya olan Szyan yepiskopunun köməkçisi təyin edildiyi bildirilib.

Açıqlamada vurğulanır ki, bu təyinat Vatikan və Çin arasındakı dialoq ruhuna və 2018-ci ildə imzalanmış və ötən ilin oktyabrında ikinci dəfə uzadılan yepiskopların təyinatı üzrə müvəqqəti sazişin şərtlərinə uyğun olaraq baş tutmayıb.

Vatikanın açıqlamasında iddia edilir ki, yepiskop Pen bu təyinatdan əvvəl yerli hakimiyyət orqanları tərəfindən təzyiqlərə məruz qalıb.

Açıqlamada Vatikanın aidiyyəti qurumlardan mövzu ilə bağlı müvafiq izahat gözlədiyi və oxşar hadisələrin təkrar olunmayacağına ümid edildiyi, ümumi maraq doğuran bütün məsələlərdə qarşılıqlı hörmətə əsaslanan dialoqu davam etdirməyə hazır olduğunu bir daha təsdiqlədiyi bildirilib.

Vatikan və Çin uzun sürən gizli danışıqlar nəticəsində 2018-ci il sentyabrın 22-də yepiskopların təyin edilməsi haqqında müvəqqəti saziş imzalayıblar. Bu müqavilə Çindəki katolik yepiskoplarının müəyyən edilməsində iki ölkə arasında əməkdaşlığı nəzərdə tutur.

Müqavilə 2020 və bu ilin oktyabrın 22-də daha iki il müddətinə uzadılıb.


Müəllif: Mənsur Rəğbətoğlu