Rusiya Qərbdən təhlükəsizlik zəmanəti almasa, yeni müharibə bütün Avropa qitəsini bürüyəcək.
Teleqraf.com xəbər verir ki, bu fikri Fransa prezidenti Emmanuel Makron TF1/LCI telekanalına müsahibəsində bildirib.
“Sülh günü ilk növbədə, Ukraynaya, onun ərazi bütövlüyünə, uzunmüddətli təhlükəsizliyinə təminat məsələləri üzrə müzakirə tələb ediləcək. Həm də atəşkəs və sülh müqaviləsinin tərəfi kimi Rusiya üçün”, - Makron bildirib.
Fransa prezidentinin fikrincə, Rusiyaya bu cür zəmanətlərin verilməsindən imtina bütün qitəni bürüyəcək ayrılmaz müharibəyə təhrik edir:
“Əhəmiyyətli məqamlardan biri Rusiyanın NATO-nun qapılarına yaxınlaşacağından qorxması, onu təhdid edə biləcək silahların yerləşdirilməsidir”.
Dekabrın əvvəlində Fransa prezidenti Ukraynaya qarşı hazırkı müharibə başa çatdıqdan sonra Rusiyaya təhlükəsizlik zəmanəti verməyi təklif edib. O, xüsusilə, NATO-nun genişlənməsi məsələsində təminatları qeyd edib.
Makronun Rusiya üçün təminat ideyası Avropada ciddi tənqidlərə səbəb olub.
“Rusiya köhnə sovet üsullarından istifadə edən təcavüzkar, asayişi və sülhü pozan ölkədir. Təhlükəsizlik zəmanəti Rusiyanın təcavüzkar siyasəti qarşısında Ukrayna, Mərkəzi və Şərqi Avropa dövlətlərinə lazımdır”, -Polşa Xarici İşlər Nazirliyi bəyan edib.
Daha sonra Estoniya, Latviya, Litva, Polşa və Slovakiya diplomatları Makronla razılaşmadıqlarını yazılı şəkildə bildiriblər.