Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiya ordusunun Cənubi Osetiya və Abxaziyadan çıxarılması məsələsini Ukrayna ilə nəzərdə tutulan sülh sazişinə daxil etməyi təklif edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə ABŞ-ın “Blumberq” agentliyinə müsahibəsində danışıb.
“Rusiya sərhədlərinin harada bitdiyini başa düşməlidir”, - Gürcüstan prezidenti bildirib.
Zurabişvilinin fikrincə, dünya ictimaiyyəti Rusiyadan qoşunlarını çıxarmasını tələb etməsə, Qərb daha bir böyük səhvə yol verəcək.
Ukraynada müharibə başlayandan sonra Gürcüstan anti-Rusiya sanksiyalarına qoşulmayıb. Ölkənin Baş naziri İrakli Qaribaşvili hesab edir ki, sanksiyalara qoşulmaq Gürcüstan xalqına ziyan vuracaq. Zurabişvili də söyləyib ki, gürcü tərəfi öz milli maraqlarını nəzərə alaraq Moskvaya qarşı sanksiyalar tətbiq etməyəcək.