Ukrayna Silahlı Qüvvələri Krasnodar diyarı və Adıgey Respublikasında mülki infrastruktura hücum etmək üçün pilotsuz uçuş aparatlarından istifadə etməyə cəhd göstərib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi Teleqram kanalında məlumat verilib.
Əlavə olunub ki, Rusiya Silahlı Qüvvələrinin döyüş bölmələri hücumu uğurla dəf edib.
Hərbi idarənin məlumatına görə, hər iki pilotsuz təyyarə idarəetməni itirərək uçuş yolundan çıxıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, pilotsuz uçuş aparatlarından biri tarlaya düşüb, digəri trayektoriyadan yayınaraq, hücuma məruz qalan mülki infrastruktur obyektinə zərər verməyib.
Alternativ mənbələr isə qeyd edirlər ki, Adıgey Respublikasının kəndi yaxınlığında dron qəzaya uğrayıb, fermanın binasına cüzi ziyan dəyib. Həmçinin çərşənbə axşamı gecə Tuapsedəki neft bazasında yanğın baş verib, köməkçi tikili yanıb, neft anbarlarına ziyan dəyməyib.