27 Mart 2023 09:43
1 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, hələ də Ukraynada qalib gələ bilər. Amma Ukrayna ordusunun uğurlu hücumları onu danışıqlar masasına oturmağa vadar edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Amerikalı ekspertlərə görə, nə Ukrayna, nə də Qərb Putini hər hansı kompromis üzərində düşünməli olduğuna inandırmayıb. Əvəzində Putin güc yolu ilə və ya Qərbin Kiyevə dəstəyini dayandırdıqdan sonra Ukraynanın iradəsini qırmaqla münaqişəni uzatmaq vasitəsilə ilkin hərbi məqsədlərinə çatmağa çalışır.

Ekspertlər hesab edirlər ki, Rusiya ordusunun Baxmut, Avdiv ətrafında və Luqansk və Donetsk vilayətlərinin qərbində cəbhə xətti boyunca davam edən hücumu Putinin hələ də qalib gəlməyə çalışdığını göstərir. Eyni zamanda, Rusiya lideri danışıqlar prosesinə qoşulmaqdan qorxur, bu səbəbdən də dialoq üçün Rusiyanın qələbəsindən başqa heç bir şərt irəli sürmür.

Bununla bağlı analitiklər belə qənaətə gəliblər ki, Ukraynanın seçə biləcəyi üç variantı var:

Hərbi əməliyyatları dayandırmaq, bu, fəlakətli məğlubiyyətə səbəb olacaq;

Məhdud hərbi əməliyyatlara davam etmək, yalnız hazırkı cəbhə xəttini saxlamaq, amma bu, Rusiyanı daha da hücuma keçməyə təşviq edəcək;

Putini danışıqlar masasına oturmağa inandırmaq üçün əks-hücuma keçməklə elə hərbi reallıqlar yaratsın ki, Kiyev və onun Qərb müttəfiqləri müharibəni faktiki olaraq dondura bilsinlər.


Müəllif: Mənsur Rəğbətoğlu