Pakistan əsilli Həmzə Yusifin Şotlandiya, hind əsilli Rişi Sunakın Böyük Britaniyaya rəhbərlik etməsi, digər Avropa ölkələrində isə türk və digər millətlərin nümayəndələrinin siyasətdə fəallaşmaları diqqət çəkir.
Teleqraf.com xəbər verir ki, bunun başqa bir nümunəsi Bolqarıstandır.
Bolqarıstanda iki il ərzində beşinci seçki aprelin 2-də keçiriləcək. Ölkənin sükanı arxasında bir türkün keçməsi isə artıq möcüzə kimi görünmür.
Bolqarıstanda 600 min, bəzi rəqəmlərə görə isə 1 milyon türk yaşayır. Türklərlə yanaşı, ölkədə yaşayan digər müsəlman etnik qruplar və ikili vətəndaşlığı olanlardan, eləcə də Türkiyədəki seçicilərindən də dəstək alarsa, Haqq və Azadlıq Hərəkatının (HAH) sədri Mustafa Karadayı baş nazir seçilə bilər.
Bolqarıstanın əhalisi 7 milyona yaxındır. Bolqar xalqı siyasi qeyri-sabitliyin sona çatmasını istəsə də, 2022-ci ilin oktyabrında keçirilən son seçkilərdə iştirak nisbəti 38.7 faiz olaraq qalıb. Son seçkidə türklər və müsəlmanların yaratdığı HAH 300 minə yaxın səs toplayıb və parlamentdə deputat sayını 36-ya çatdırıb. Seçkilərdə iştirak nisbəti eyni səviyyədə qalarsa və HAH 600 minə yaxın səs toplaya bilsə, hərəkat hətta birinci, hətta Mustafa Karadayı baş nazir ola bilər. Ancaq hərəkatın ilk məqsədi 49 mandat qazanmaq və hökumətə tərəfdaş olmaqdır.
“Anadolu” agentliyinə Karadayı deyib:
“İlk addım Bolqarıstandakı siyasi böhrandan çıxmaqdır. Ona görə də çağırış edirəm. Aprelin 2-də keçiriləcək seçkilərdə bütün Bolqarıstan vətəndaşları seçkiyə getməlidir. Nömrəmiz 13-dür. Türkiyədə təxminən 300 000-ə yaxın seçicimiz var. Türkiyədən 113 min, Bolqarıstanda isə 313 min səs alsaq, hökumətin ortağı olacağıq”.
Türkiyədə fəaliyyət göstərən Balkan Türkləri Dərnəyinin sədri Günay Uzun və Balkan Mühacirləri Dərnəyinin rəhbəri Ərdinç Bilaloğlu Türkiyədə ikili vətəndaşlığı olan seçicilərə səslənərək, seçkilərə getməli olduqlarını bildiriblər.
Trakya Balkan Türkləri Dərnəyinin sədri Cavad Günəş son seçkilərdə Türkiyədə yaşayan təxminən 70 min seçicinin səs verdiyini deyib. O, bu rəqəmin iki dəfəyə çatmalı olduğunu söyləyib.
Türkiyədəki seçicilər üçün 20 şəhərdə seçki məntəqəsi qurulacaq.
Mustafa Karadayı ötən ilin avqustunda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü. İstanbulda mətbuata qapalı keçirilən qəbulda xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak etmişdi.