Böyük Türkiyə Partiyası mayın 14-də keçiriləcək prezident və parlament seçkilərindən geri çəkilməyə qərar verib.
Teleqraf.com xəbər verir ki, partiya sədri Hüseyn Durmaz bu seçkilərin kritik önəm daşıdığını və buna görə də Cümhur İttifaqı və onun namizədi, Prezident Rəcəb Tayyib Ərdoğana dəstək qərarına gəldiklərini açıqlayıb.
“Böyük Türkiyə Partiyası olaraq 2023-cü il seçkilərinin ölkəmiz və millətimiz üçün son dərəcə əhəmiyyətli olacağına inanırıq. Bu səbəbdən Böyük Türkiyə Partiyası olaraq millət vəkili namizədlərimizi Cümhur İttifaqına və Cənab Rəcəb Tayyib Ərdoğana dəstək üçün geri çəkirik. Görürük ki, 2023-cü il seçkiləri varlıq məsələsidir, son dərəcə vacibdir. Var gücümüzlə prezidentimizə və Cümhur İttifaqına dəstək olacağıq”, - Durmaz vurğulayıb.
Siyasətçi əlavə edib ki, bu fikirdə olan başqa partiyalar da var:
“Ölkəmizi narahat edən görüntülər mövcuddur. Daha çox olacağına inanıram. Ona görə də sağ mərkəzçi partiya olaraq son dərəcə ehtiyatlı və diqqətliyik. Bizim üçün önəmli olan vətəndir, qalanı təfərrüatdır. Mən və partiyam yox, öndə olan vətəndir. Bu, vətənimizin varlığı üçün verdiyimiz qərardır”.
Hüseyn Durmaz Ali Seçki Komissiyasına təqdim olunan namizəd siyahısının ləğvini tələb etdiklərini açıqlayıb.