Ukrayna ordusu son 24 saat ərzində Baxmut, Avdiv və Marin istiqamətlərində Rusiya qüvvələrinin 36-dan çox hücumunun qarşısını alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Baxmut və Marin döyüş əməliyyatlarının episentrində qalır.
“Baxmut istiqamətində düşmən hücumunu və şəhər uğrunda döyüşlər davam edir. Düşmən ötən sutka ərzində Boqdanivka, İvanivsk, Aleksandro və Şultın yaşayış məntəqələri istiqamətlərində uğursuz hücum əməliyyatları keçirib”, - məlumatda deyilir.
Ruslar Avdiv istiqamətində Avdiv şəhəri və Pervomaysk rayonu ərazilərində hücum əməliyyatları keçirsələr də, uğur qazana bilməyiblər.
Marin uğrunda da döyüşlər gedir. Ruslar bu istiqamətdə Ukrayna ordusunun mövqelərinə hücumlarını davam etdirir.
Bundan başqa, Ukrayna hərbi aviasiyası Rusiyanın canlı qüvvəsinin cəmləşdiyi 4 mövqeyə zərbələr endirib.
Ukrayna raket qoşunları və artilleriya bölmələri isə rus ordusunun canlı qüvvəsinin cəmləşdiyi 5 ərazini, habelə silah-sursat anbarını, artilleriyanın cəmləşdiyi 2 ərazini və logistika mərkəzini vurub.