22 May 2023 15:49
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük Yeddilər”in liderlərinin Yaponiyanın Xirosima şəhərində keçirilən sammitinın əsas mövzusu yenə Ukrayna oldu. Əlbəttə, böyük dövlətlərin liderləri iqlim dəyişikliyi, qlobal iqtisadi durum, nüvə təhlükəsizliyi kimi mövzuları da müzakirə etdilər. Ancaq Ukrayna bütün mövzuların fövqündə idi.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.

Təhlildə qeyd olunur ki, toplantının ilk günü liderlər Ukrayna müharibəsiylə bağlı birgə bəyanat qəbul edilib:

“Bəyanat 11 bənddən ibarətdir. Liderlər Ukraynaya nə qədər lazımdırsa, o qədər dəstək verəcəklərini bir daha vurğuladılar. Bu o deməkdir ki, “Böyük Yeddilər” əllərindən gələni edəcəklər ki, Ukrayna məğlub olmasın. Ancaq müzakirənin başladığı ikinci gün Rusiyanın Ukraynanın Baxmut şəhərinin işğalını yekunlaşdırdığı xəbər gəldi. Halbuki Rusiya ordusu və “Vaqner” muzdluları aylardır şəhəri işğal etməyə müvəffəq olmurdu, ruslar bu istiqamətdə on minlərlə itki veriblər. Ukrayna ordusu müqavimətini sona qədər davam etdirməyə çalışsa da, geridə daha münasib mövqeyə çəkildi. Bu son deyil, Ukrayna Baxmutu geri qaytarmaq uğrunda mübarizəsini davam etdirəcək.

Ukrayna Prezidenti Vladimir Zelenskinin sammitdə videokonfrans vasitəsilə iştirakı açıqlanmışdı. Amma Zelenski sammitdə birbaşa iştiraka qərar verdi. Bu, onun üçün ona görə vacib idi ki, liderlərlə ümumi və təkbətək söhbətlərdə Ukraynaya dəstəyin artırılmasının vacibliyini onlara izah etsin. Məsələn, Ukrayna ABŞ-dan F-16 təyyarələri almağa çalışır. Vaşinqtonda bu xahişə müsbət yanaşanlar da var, mənfi yanaşanlar da. Rusiya təyyarələri Ukrayna səmasında üstünlüyə malikdilər.

“Böyük Yeddilər”in liderləri Rusiyaya qarşı sanksiyaların təsirli olduğunu və bu ölkənin gəlirlərinin azaldığını bildirdilər. Sanksiyalar daha da sərtləşəcək, siyahıya yeni şirkətlər və daha çox Rusiya vətəndaşının ismi əlavə olunacaq. Məsələn, Böyük Britaniya siyahını 86 Rusiya vətəndaşına qədər artırıb, Kanadanın siyahısında isə Rusiyanın 70 şəxsi və şirkəti yer alıb. ABŞ-ın siyahısında isə Rusiyanın sanksiya altında olan şirkətləriylə əməkdaşlıq edən Ermənistan şirkətləri də var. “Atlas” Araşdırmalar Mərkəzinin ötən ay hazırladığı analitik hesabatda Vaşinqtonla Brüsselin Rusiyanın dövlət şirkətlərini sanksiyalardan qurtulmağa çalışan Ermənistanın dövlət şirkətlərin siyahısı dərc edilmişdi. Bu, Ermənistanla Rusiya arasında gizli sövləşmədir”.

Təhlildə vurğulanır ki, G7-nin ikinci əsas mövzusu Çin olub:

“Liderlər Çinin okeanlarda hərbi gücünü artırmasından, Tayvana qarşı hərbi planlar hazırlamasından və uyğurlara qarşı təzyiq siyasətindən narahat olduqlarını bildiriblər. Pekin bu ittihamlara sərt reaksiya verib. Pekin Yaponiyada Çinə qarşı səslənən fikirlərin münasibətlərə zərər vuracağını bildirib. Pekin Tayvan və uyğur məsələsinin Çinin daxili işi olduğunu bəyan edib.

Pekinin bəyanatına baxmayaraq, Qərb ölkələri hər iki məsələylə bağlı fərqli mövqeyə malikdirlər. Təsadüfi deyil ki, Britaniya Baş naziri Rişi Sunak Çini “qlobal təhlükəsizliyiə ən böyük təhdid” adlandırıb. “Böyük Yeddilər” Çinə münasibətdə məqsəd birliyini nümayiş etdirib. Çin əsrimizin qlobal təhlükəsizlik və rifah üçün ən böyük çağırışını təmsil edir”, - deyən Sunak Rusiya ilə yanaşı, Çinlə də mübarizənin davam etdirilməsinin vacibliyinə toxunub”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər