Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya rejiminin (Bəşər Əsəd) türk Silahlı Qüvvələrinin ölkəsindən çıxarılması tələbinə cavab verib.
Teleqraf.com xəbər verir ki, nazir anlaşma olmadan bunun mümkün olmayacağını deyib.
“Suriya rejimi vaxtaşırı açıqlamalar verir. Türkiyənin Suriyadan çəkilməli olduğunu deyirlər, görüşlərdə də bunu dilə gətirirlər. İndi bizim geri çəkilməyimiz terror təşkilatlarının bu bölgəyə gəlməsi deməkdir. Biz burada olmaqla Suriyada terror dəhlizinin qarşısını almışıq, eyni zamanda Suriyanın sərhəd və ərazi bütövlüyünü təmin etmişik.
Əsas təhlükə Suriyanın şimal-şərqində, PKK/YPG-nin yerləşdiyi bölgədədir. İndi geri çəkilsək, terror təşkilatları gəlib burada yerləşəcək, yəni boşluğu terror dolduracaq. Terrorun gəlişi həm də Türkiyəyə əlavə köç təzyiqi deməkdir. Başqa sözlə, konsensus olmadan çəkilmə münaqişə deməkdir. Münaqişə əlavə köç yükü deməkdir”, - Çavuşoğlu bildirib.