12 Avqust 2023 01:28
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada bütün regional hərbi komissarlar işdən azad olunur. Onları cəbhədə olmuş hərbçilər əvəz edəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski xalqa müraciətində bildirib.

Ukrayna Prezidenti Milli Təhlükəsizlik Şurasının iclasını keçirib, müxtəlif güc strukturlarının və hüquq-mühafizə orqanlarının məruzələrini dinləyib.
Onun sözlərinə görə, iclasın nəticələrinə əsasən bütün regional hərbi komissarların işdən azad olunması barədə qərar qəbul olunub. Zelenskinin fikrincə, hərbi komissarlıqlara cəbhədə sağlamlığını, əl-ayağını itirən, lakin ləyaqətlərini, abrını qoruyub saxlayan və səngərdə ola bilməyən hərbçilər rəhbərlik etməlidirlər.

“Onlara bu komplektləşdirmə sistemini etibar etmək olar. Bu qərarı Ali Baş Komandan Zalujnı realizə etməlidir. Yeni rəhbərlər təyin edilmədən əvvəl Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən yoxlanılacaq. Haqqında cinayət işi açılan hər bir hərbi komissar məsuliyyətə cəlb olunacaq", - deyə Ukrayna Prezidenti bildirib.

O, həmçinin qeyd edib ki, epoletləri olan, lakin barələrində cinayət və ya qanun pozuntusu faktı aşkar edilməyən hərbi komissar və vəzifəli şəxslər rütbələrini saxlamaq, ləyaqətlərini sübut etmək istəyirlərsə, cəbhəyə getməlidirlər.
Zelenski vurğulayıb ki, ordu cinayət cəzasını əvəz etmir və heç vaxt da etməyəcək. Çiyin qayışı ilə imtiyazları qarışdıran məmurlar, şübhəsiz ki, mühakimə olunacaqlar.
Xatırladaq ki, Ukraynada son bir ayda Ərazi işə qəbul və sosial dəstək mərkəzlərinin rəhbərləri ilə rezonans doğuran qalmaqallar yaşanır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər