Rusiya qüvvələri Avdiv, Marin və Novomixaylivkada Ukrayna ordusunun müdafiəsini yarmağa cəhd göstəriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Son sutka ərzində tərəflər arasında 30 toqquşma baş verib. Ukraynanın şərqində və cənubunda əməliyyat vəziyyəti çətin olaraq qalır.
Rusiya qoşunları Novoselivski, Orixovo-Vasilivka və Klişivka rayonlarında Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmaq səylərini dayandırmırlar. Eyni səylər Ukrayna ordusunun Avdiv, Marin və Novomixaylivka rayonlarında müdafiə xətlərinə qarşı da davam edir.
Ukrayna qoşunlarının Melitopol istiqamətində hücum əməliyyatlarının davam etdiyi bildirilir.
“Ukrayna əsgərləri Robotin və Novodanilivkada düşmənin 10-dan çox hücumunu dəf edərək müdafiəni saxlayır. Hərbçilərimiz Robotinin cənub və cənub-şərqindəki ərazilərdə müsbət nəticə əldə ediblər, ələ keçirilmiş mövqelərdə möhkəmləniblər”, - məlumatda deyilir.