Böyük dövlətlər Yaxın Şərqdə hazırkı gərgin vəziyyətdən çıxış yolları axtarırlar. ABŞ-ın səyləri hələlik nəticə vermir, Rusiya Ukrayna müharibəsi fonunda Yaxın Şərqdəki hadisələrə müdaxilə edə bilmir. Türkiyənin İsrailə qarşı sərt mövqeyi ərəb ölkələri tərəfindən birmənalı qarşılanmır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Mərkəzin ekspertləri bildirirlər ki, Çin də Yaxın Şərq ölkələri ilə əlaqələrini genişləndirmək siyasətini davam etdirir:
“Çinin resurslara ehtiyacı var. Həmin resruslar hansı bölgədə varsa, Çin orada fəal siyasət yürütməyə çalışır. Pekin üçün belə bölgələrdən biri Yaxın Şərqdir. Pekin üçün Sakit okean bölgəsindən sonra ikinci ən vacib region Yaxın Şərqdir. Yaxın Şərq ölkələri Vaşinqtondan sonra Pekinlə sıx əməkdaşlığa üstünlük verirlər. Çin bölgədə ABŞ-ın əsas rəqibinə çevrilib. Halbuki “soyuq müharibə” illərində ABŞ-ın Yaxın Şərqdəki əsas rəqibi keçmiş SSRİ idi. Rusiya Yaxın Şərqdə SSRİ-ni əvəz etmək gücündə deyil. Rusiyanın gücü sadəcə Suriyada Bəşər Əsəd rejimini dəstəkləməyə çatır.
Çin 2013-cü ildən “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə çıxış edir. Çin Yaxın Şərqi bu təşəbbüsün bir parçası elan edib. Çində istehsal edilən məhsulların böyük qismi Süveyş kanalı üzərindən Avropa ölkələrinə daşınır. Çin neftə olan tələbatının yarısını Yaxın Şərqdən əldə edir. Buna baxmayaraq, Yaxın Şərq ölkələrində Pekinin siyasətindən narazılıq artıb. “Bir Kəmər, Bir Yol” təşəbbüsünün Yaxın Şərq ölkələrindən çox Çinə fayda gətirdiyini söyləyənlər var. Digər tərəfdən, Pekin bu ölkələrdə reallaşdırdığı layihələrə işçi qüvvəsini yerlilərdən yox, çinlilərdən formalaşdırır. Çin bu siyasətini başqa bölgələrdə də reallaşdırıb. Məsələn, Çinin Mərkəzi Asiya ölkələrindəki layihələrinin əksəriyyətində işçi qüvvəsi çinlilərdən ibarətdir. Bu amil Mərkəzi Asiya ölkələrində də narazılıqla qarşılanır, bəzi hallarda işçilər arasında toqquşmalar qeydə alınır”.
Təhlildə vurğulanır ki, Çin bir ara İsraillə əməkdaşlığını genişləndirməyə çalışırdı:
“Çin 5G sistemini İsraildə tətbiq etmək istədikdə Təl-Əviv Vaşinqtonun təzyiqi ilə bu təklifdən imtina etdi. Vaşinqton hesab edir ki, Pekin 5G sistemini müxtəlif ölkələrdə tətbiq etməklə ABŞ-a qarşı kəşfiyyat fəaliyyətini genişləndirməyə çalışır. İsrail və ABŞ-ı həm də o narahat edir ki, Çin İranla hərbi sahədə əməkdaşlığa maraq göstərir. Çinin İran ərazisində müxtəlif məqsədli hərbi bazalarının yaradılması imkanları Vaşintonda narahatlıqla qarşılanır. ABŞ-da düşünürlər ki, Pekin İranla müttəfiqliyi genişləndirməklə Əfqanıstan, Suriya və İraqda da fəallığını artırmağa çalışacaq.
Vaşinqton Pekinin bu planlarının qarşısını almaq üçün Dehli ilə hərtərəfli tərəfdaşlığını genişləndirməyə qərar verib. ABŞ dövlət katibi Entoni Blinkenin bir müddət əvvəl Hindistana səfəri bundan xəbər verir. Blinken Hindistan Baş naziri Narendra Modi ilə görüşdə qlobal çağırışlarla bağlı ortaq mövqelərini təsdiqləyiblər”.