Rus şovinistləri SSRİ-nin dağıldığını və müstəqil dövlətlərin müstəqil siyasət yürütmələrini hələ də həzm edə bilmirlər.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiyadan Qazaxıstan əleyhinə səsləndirilən fikirlərə diqqət çəkib:
“Son illərin müşahidəsi göstərir ki, Rusiyada şovinizmin avanqard gücü erməni separatizmi ilə bağlı olanlardır. Kremlin əsas dezinformasiya ruporlarından olan Marqarita Simonyan və Vladimir Solovyova digər ermənipərəst (əslində kökənli – red.) jurnalist Tina Kandelaki də qoşulub. Bir müddət əvvəl onu Rusiyanın TNT televiziya kanalına elə ona görə rəhbəri təyin ediblər ki, Kremlin “mesajlar”ını müxtəlif ünvanlara çatdırsın.
Siyasətdən başı çıxmayan Tina Kandelaki ötən illərdə Qarabağ separatçılarına informasiya dəstəyi verirdi, biz bu məsələni bitirdikdən sonra özünə yeni hədəf seçib. O, sosial şəbəkələrdəki son paylaşımlarında Qazaxıstan və qazaxları aşağılayıb, “manqurd” ifadəsindən belə istifadə edib. Kandelakini qəzəbləndirən budur ki, niyə Qazaxıstanda qazax dili rus dilini sıxışdırmağa başlayıb.
Rus şovinistləri SSRİ-nin dağıldığını və müstəqil dövlətlərin müstəqil siyasət yürütmələrini hələ də həzm edə bilmirlər. Qazaxıstanda hansı dildə danışmalıdırlar? Dövlətin qanunu var, hamı ona riayət etməlidir. Qazaxların çoxu rus dilində sərbəst danışır, ancaq öz dilləri var, yer adlarını dəyişməkdə də sərbəstdirlər.
Ukraynaya qarşı işğalçı müharibəyə başlayan şovinist düşüncə tərzi Qazaxıstan kimi dövlətlər üçün də təhlükədir. Qazaxıstan müstəqilliyini gücləndirməklə yanaşı, türk dünyasının formalaşması və inteqrasiyasına marağını artırmaqla Şimaldan gələn təhlükədən sığortalana bilər”.