Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqların əleyhinə deyil, əksinə, o, yalnız bu fikri dəstəkləyir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml nümayəndəsinin sözlərinə görə, Rusiya prezidenti dinc dialoqun mümkünlüyünü rədd etmir. Peskov qeyd edib ki, Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenski (Moskva onun legitimliyini tanımır – red.) ilə razılaşmalar qeyri-mümkün olsa belə, digər legitim qurumlar tərəfindən aparıla bilər.
“Bununla belə, Putin heç nəyi, danışıqların mümkünlüyünü rədd eləmir. O söyləyir ki, orada ölkə konstitusiyasına uyğun legitim qurumlar var. Bəs səlahiyyətlilər danışıqlar və sairə üçün səlahiyyəti kimə verəcək? Danışıqlar adətən mütəxəssislər tərəfindən aparılır, amma nəticələr qanuni olaraq qeydə alınır”, - Peskov vurğulayıb.
Kremlin sözçüsü Zelenskini Putinin sülh təklifi üzərində düşünməyə çağırıb.