Böyük Britaniya və ABŞ yaxın həftələrdə Ukraynaya “Storm Shadow” raketləri ilə Rusiyanın dərinliklərindəki hədəflərə zərbə vurmağa icazə vermək barədə gizli qərar qəbul edə bilərlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Times” qəzeti diplomatik mənbələrə istinadən bildirib.
Qeyd olunub ki, bu faktı ilk zərbələr həyata keçirilənədək gizli saxlamağa çalışacaqlar.
Mənbələr bildiriblər ki, Kiyevin müttəfiqləri cəbhə xəttindən uzaqda yerləşən “silah anbarları və bunkerləri” Ukrayna Silahlı Qüvvələri üçün qanuni hədəflər elan edə bilərlər.
Razılaşma Nyu-Yorkda liderlərin görüşləri zamanı əldə edilə bilər. Burada sentyabrın 24-dən 30-dək, sentyabrın 29-da fasilə ilə BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi keçiriləcək. Bu mərhələdə tərəflər rəsmi bəyanatlardan çəkinmək istəyirlər.
Britaniya hökuməti bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib. Nəşrə bildirilib ki, “Birləşmiş Krallığın mövqeyi dəyişməyib”.