Hadisələr getdikcə daha maraqlı hal alır. Nikol Paşinyan bəyan edib ki, Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarında (Zəngəzur dəhlizində) Rusiya Dövlət Təhlükəsizlik Xidmətinin bəzi nəzarət funksiyalarını istisna etmir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.
Ekspert məsələ ilə əlaqədar üç problemin olduğunu bildirib:
“Birincisi, Trans-Atlantik vektor (ABŞ, Türkiyə, Böyük Britaniya və Avropa Birliyi) Cənubi Qafqazdakı logistika xətləri ilə bağlı Rusiya tərəfindən (hətta qismən) nəzarət imkanlarını heç bir şəkildə nəzərdən keçirmir. Qərbin məqsədi regionda tam nəzarəti bərqərar etməkdir.
Qərb-Şərq xəttində sərt konflikt xətləri çəkilir.
İkincisi, hökumət kadrlarının əksəriyyəti və Paşinyan hökumətinin nazirləri şəklində olan qərbyönlü lobbi Paşinyanın bu cür qərarlarına sakit baxmayacaq.
Üçüncüsü, Ermənistan hakimiyyətinin situasiyadan asılı olaraq, bir anlıq öhdəliklərindən kənara çıxa bilən Paşinyanın simasında tamamilə qeyri-adekvat davranışı artıq siyasi meme çevrilib. Bunu ruslar, amerikalılar, iranlılar bilir. Bu, əslində Ermənistan üçün ən dağıdıcı amillərdən biridir”.