“Gürcüstanda təkrar seçkilər üçün hüquqi əsas mövcud deyil”.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, təkrar seçkilər yalnız o zaman təyin olunur ki, Mərkəzi Seçki Komissiyası və yaxud məhkəmələr, həmçinin Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini ləğv etsin:
“MSK seçkilərin nəticələrinə yekun vurub, Konstitusiya Məhkəməsi də seçkilərin legitimliyini təsdiqləyib, buna görə də təkrar seçkilərin tələb edilməsi üçün əsaslar yoxdur”.
Baş nazir radikal müxalifətin isterik vəziyyətdə olduğunu qeyd edib.
“Dünən onlar tam səfərbərlik elan etdilər və 3000 nəfəri çətinliklə topladılar. İnsanlar artıq aksiyalara getmirlər”, - İ.Kobaxidze söyləyib.
Qeyd edək ki, Gürcüstanda davam edən etiraz aksiyalarının əsas tələbi yeni parlament seçkilərinin keçirilməsidir. Ötən gün prezident Salome Zurabişvili deyib ki, böhrandan çıxmaq üçün yeganə yol yeni seçkilərin təyin olunmasıdır.