“Salome Zurabişvili dekabrın 29-da vəzifəsini tərk etməli olacaq. Baxaq görək o, həyatını harada - dəmir barmaqlıqlar arxasında, yoxsa azadlıqda davam etdirəcək. Hesab edirəm ki, onun Cinayət Məcəlləsinin normalarını pozmamaq üçün kifayət qədər ağlı olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, S.Zurabişvilinin postunda artıq bir həftəsi belə qalmayıb.
“O, bu həftə ərzində heç nə edə bilməyəcək, baxmayaraq ki, bəzi avropalı siyasətçilər və məmurlar deyirlər ki, dekabrın 29-dək çox şey baş verə bilər. Amma sizi əmin edirəm ki, xüsusi heç nə baş verməyəcək”, - o deyib.
İ.Kobaxidze bildirib ki, 72 yaşlı qadını kimsə həbsxanaya göndərmək istəməz.
“Təsəvvür edək ki, o, iqamətgahını tərk etmir. Bu cinayət əməli olacaq. Düşünürəm ki, onun kifayət qədər ağlı olacaq ki, Cinayət Məcəlləsini pozmasın və ya başqasının onu pozmasına səbəb olmasın. Belə ki, bu cinayət əməlinə görə uzun illər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub”, - hökmət başçısı söyləyib.
Qeyd edək ki, S.Zurabişvili səlahiyyət müddəti başa çatandan sonra vəzifəsindən getməyəcəyini açıqlayıb. O, özünü Gürcüstanda yeganə legitim dövlət institutu hesab edir.