Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında danışıqlar girov mübadiləsi və qarşıdurmanın dayandırılması ilə bağlı yekun razılaşmanın formalaşdırılması üçün intensiv şəkildə davam edir.
Teleqraf.com xəbər verir ki, İsraildə HƏMAS-la anlaşmanın tezliklə imzalanacağına dair iddialar artır.
İsrailin “Kanal 12” televiziyasının məlumatına görə, rəsmilər girovların azad edilməsinə dair razılaşmanın detalları ilə bağlı razılığa gəlindiyini, HƏMAS-ın son cavabını gözlədiklərini bildiriblər. Plan girovların qarşılıqlı şəkildə azad edilməsini, Qəzzaya humanitar yardımın buraxılmasını, məcburi köçkünlərin Qəzza zolağının şimalına qayıtmalarını, bölgədə yenidənqurma işlərinin başlamasını və sərhəd qapılarının yenidən açılmasını ehtiva edən üç mərhələli razılaşmanı əhatə edir.
ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Qəzzada atəşkəsə çox yaxın olduqlarını və razılaşmanın bu həftə əldə edilə biləcəyini açıqlayıb:
“Atəşkəs razılaşmasına çox yaxınıq, bu həftə tamamlana bilər. Mən heç bir vəd və ya proqnoz vermirəm, amma biz bunu reallaşdırmaq üçün çalışacağıq”.
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalınla HƏMAS Siyasi Bürosunun rəhbərliyi arasında İsrail-HƏMAS atəşkəs danışıqları ilə bağlı telefon danışığında atəşkəs səylərinin davam etdirilməsi razılaşdırılıb. Tərəflər danışıqlarda əldə olunan irəliləyiş və yekun məqamı müzakirə ediblər.