ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında gözlənilən görüşün Azərbaycanda baş tutacağı ilə bağlı iddialar səsləndirilir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspertin fikrincə, görüşün Bakıda keçirilməsi ölkəmiz üçün müsbət hal olardı, amma buna mane olan bir sıra amillər var:
“ABŞ-nin yeni Prezidenti Donald Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istədiyini bildirib. Əsas mövzu Rusiya-Ukrayna müharibəsinin hansı şərtlər altında dayandırılması olacaq. Dünya mətbuatı görüşdə müzakirə olunacaq mövzudan çox liderlərin hansı ölkədə görüşə biləcəklərini müzakirəyə çıxarıb. Müxtəlif dövlətlərin adı çəkilir.
"Soyuq müharibə" illərində ABŞ və keçmiş SSRİ-nin rəhbərləri ya Avtsriya, ya da İsveçrədə görüşərdilər. Çünki həri iki dövlətin qeyri-rəsmi neytral statusu vardı. Trampla Putin arasında görüş üçün İsveçrənin adı yenə çəkilir. Həmçinin liderlərin görüşünə İstanbul da iddialıdır, Türkiyənin həm ABŞ, həm də Rusiya ilə tərəfdaşlıq münasibətləri var.
Görüş yeri kimi Bakının adını çəkənlər də var. Ancaq ABŞ və Rusiya liderlərinin Bakıda görüş ehtimalının Azərbaycan üçün faydası varmı? Rusiya prezidenti vurulan Azərbaycan təyyarəsinə görə kompensasiya ödəmək və cinayətkarları cəzalandırmaq barədə düşünmür. Məsələ uzanır. Əgər Putin Trampla görüşdən əvvəl Prezident İlham Əliyevin hər iki tələbini yerinə yetirməyə razı olsa, liderlərin Bakı görüşünə razılaşmaq olar, əks halda, paytaxtımızın seçilməsi ehtimalı azdır.
Əlbəttə, iki böyük ölkənin liderinin Bakıda görüşüb Ukrayna müharibəsini bitirmək üçün fikir mübadiləsi aparması Azərbaycanın rolunun artdığına ciddi işarə olardı. Ancaq ortada Rusiya səmasında sərnişin təyyarəmizin vurulması və tələblərimizin yerinə yetirilməməsi faktı varkən, görüş yeri üçün başqa məkan seçilməsi doğru olar”.