Avropa İttifaqı (Aİ) nizamlanma prosesi çərçivəsində Azərbaycan və Ermənistanla fəal işini davam etdirir.
Teleqraf.com xəbər verir ki, bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə baş sözçüsü Anita Hipper “Armenpress”ə deyib.
“Aİ həll prosesi və ikitərəfli əməkdaşlıq sayəsində son bir ildə əldə edilən müsbət inkişaflara dair məsləhətləşmələr də daxil olmaqla, hər iki tərəflə işini fəal davam etdirir. Biz tərəfləri dialoqu davam etdirməyə və onların narahatlıqlarını aradan qaldıracaq qarşılıqlı məqbul həllər tapmağa çağırırıq. Bu mesajı bu yaxınlarda Aİ-nin xüsusi nümayəndəsi Qrono Bakı və İrəvana səfərində hər iki ölkənin rəhbərliyi ilə görüşləri zamanı təkrarlayıb”, - qurum rəsmisi bildirib.
Hipper əlavə edib ki, Aİ bir daha tərəfləri bütün həlledici məsələlərlə bağlı xoş niyyətlə danışıqlara çağırır və bu məsələlərlə bağlı hər iki tərəflə dialoq davam etdiriləcək:
“Biz Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olmasına yönəlmiş bütün səyləri alqışlayırıq. Digər beynəlxalq səylərlə yanaşı, 2021-2023-cü illərdə Brüssel prosesi hər iki tərəfin liderlərinə əsas məsələlər üzrə fəal müzakirələrdə iştirak etməyə imkan verib. Bu, hər iki tərəfdən yüksək qiymətləndirilən nizamlanma prosesinin irəliləməsi üçün çərçivə və zəruri məkan təmin edib.
Aİ gələcək ikitərəfli münasibətlərdə əldə edilmiş müsbət irəliləyişi alqışlayır və 2025-ci ilin bütün region əhalisinin rifahı üçün daha müsbət nəticələr gətirəcəyinə ümid edir. Aİ hər iki tərəfə əlavə dəstək verməyə hazırdır”.