Ermənistan KTMT tədbirlərində iştirak etmir, amma ədalət naminə vurğulamaq istəyirəm ki, İrəvan qərarların qəbuluna mane olmur. Ona görə də təşkilat işləyir və fəaliyyət göstərir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir əlavə edib ki, indiki mərhələdə Rusiya-Ermənistan münasibətləri asan deyil.
Lavrov həmçinin qeyd edib ki, 2022-ci ilin payızında sərhəddə (Ermənistan-Azərbaycan) çəkindirici rol oynamaq üçün KTMT müşahidə missiyasının göndərilməsi barədə razılıq əldə olunsa da, ermənilər təşkilatın sentyabr döyüşləri zamanı onların sərhədlərini qorumadığını əsas gətirərək, bundan imtina ediblər:
"Prezident Putin dəfələrlə bu mövzuya qayıdıb. Demarkasiya olunmuş sərhəd yox idi, üstəlik, heç vaxt demarkasiya olmayıb. Bəli, o vaxtlar belə atışmalar olub, amma çox effektli KTMT-nin missiyasından imtina etmək də Ermənistanın suveren qərarı idi”.
Rusiya rəsmisi indi Ermənistan-Azərbaycan sərhədinin çox az hissəsinin demarkasiya edildiyini bildirib.
Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı qəbul etdiyi qanun layihəsindən də danışan Rusiya xarici işlər naziri əlavə edib ki, İrəvanın eyni vaxtda həm Aİ-yə, həm də Avrasiya İqtisadi Birliyinə üzvlüyü mümkün deyil.