Avropa Komissiyası Gürcüstanda vətəndaş cəmiyyəti və müstəqil KİV-ə dəstəyini davam etdirir və bu məqsədlə artıq 8,5 milyon avro ayrılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə avrokomissar Marta Kos bildirib.
O, kommunikasiya tədbirləri üçün əlavə olaraq 7 milyon avronun ayrılmasına da hazırlıq ifadə edib.
“Biz “Gürcü Arzusu” hakimiyyətinin yaydığı dezinformasiyaya cavabımızı gücləndirməliyik”, - o deyib.
Avrokomissar xatırladıb ki, Gürcüstan hökuməti üçün nəzərdə tutulmuş 100 milyon avrodan çox maliyyələşdirilmə dayandırılıb.
M.Kos həmçinin qeyd edib ki, Aİ-yə üzv dövlətlər Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin məhdudlaşdırılması ilə bağlı qərarı yanvarın sonunda qəbul edəcəklər.
Qeyd edək ki, Gürcüstan hökuməti Aİ-nin Gürcüstana ayıracağı vəsaitlərin təyinatının dəyişdirilməsinə qarşıdır. Baş nazir İrakli Kobaxidze bu barədə qərarı növbəti anti-Gürcüstan addımı hesab edir. Onun sözlərinə görə, həmin vəsaitlər gürcü xalqına və onun iradəsinə qarşı çıxan qüvvələr üçün sərf ediləcək.