Aprel ayının sonunda yoxa çıxmış Tacikistan Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabiti İslam Dövləti qruplaşmasına qoşulduğunu elan edib. Xüsusi Təyinatlı Polis Dəstəsinin rəisi polkovnik Gülmurod Xəlimov bu barədə sosial mediada yerləşdirdiyi videomüraciət vasitəsilə xəbər verib.
Ehtimala görə Suriyada lentə alınmış klipdə Xəlimov bildirir ki, namaz qılmaq və İslam geyimlərinə goyulmuş qadağaya etiraz edərək cihadçılara qoşulmaq qərarına gəlib.
Polkovnik internet klipində rus dilində danışır.
Gülmurod Xəlimovun yoxa çıxmasından sonra onun İD sıralarına qoşulduğu barədə məlumatlar yayılıb.
Yerli media yazır ki, Suriyaya qaçdığı güman edilən polis zabiti son zamanlar cihadçı qruplaşmasının ideologiyası, fəaliyyəti və quruluşu ilə bağlı məlumat toplayıb.
Tacikistan hakimiyyəti hələ ki, məlumatı şərh etməyib.