8 Oktyabr 2015 16:46
515

Trend prezident övladlarının nə işlə məşğul olduğunu araşdırıb.

Araşdırma nəticəsində məlum olub ki:

ABŞ Prezidenti Barak Obamanın iki qızı var: Malia Enn və Nataşa. Böyük qızı M.Ennin 17, kiçik qızı Nataşanın isə 14 yaşı var. Hər ikisi Vaşinqtondakı “Sidwell Friends School” məktəbində oxuyurlar.

Rusiya Prezidenti Vladimir Putin övladları ilə bağlı informasiyaları gizli saxlamağa çalışır. Məhz elə bu səbəbdəndir ki, V.Putinin övladları ilə bağlı məlumatlara mətbuatda çox az hallarda rast gəlmək olur.

Böyük qızı Mariya Putina Sankt-Peterburq Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. Yekaterina Putina isə ixtisasca şərqşünasdır və o da Sankt-Peterburq Dövlət Universitetini bitirib.

Ukrayna Prezidenti Pyotr Poroşenkonun üç övladı var. Oğlu Aleksey Vinnitsa Şəhər Şurasının deputatıdır. Ukrayna mətbuatının yazdığına görə, prezident oğlu Donetsk vilayəti ətrafında separatçılara qarşı aparılan mübarizəyə qatılıb.

Əkiz qızları Yevgeni və Aleksandra isə məktəblidirlər. Əkiz bacılar Kiyevdəki 77 saylı xarici dillər liseyində təhsil alırlar.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun da üç övladı var. Bunlardan ikisi birinci nikahdan, biri isə ikinci nikahdandır.

Birinci nikahdan dünyaya gələn böyük oğlu Viktor Lukaşenko Belarus Prezientinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, ikinci oğlu isə bir neçə idman klubunun sahibidir. İkinci nikahdan olan oğlu Nikolay haqqında isə məlumat əldə edə bilmədik.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın isə dörd övladı var. Onlardan ikisi oğlan, ikisi qızdır.

Oğlanları Əhməd Burak və Nəcməddin Bilal iş adamıdır. Qızı Əsra Ərdoğan pedaqoq, Sümeyyə Ərdoğan isə siyasətçidir. Kiçik qızı Sümeyyə AKP başqanının müşaviridir.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin üç qızı var. Böyük qızı Dariqa Qazaxıstan parlamentinin vitse-spikeri və “Nur Otan” Partiyasının fraksiya rəhbəridir.

Ortancıl qızı Dinarə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Kiçik qızı Aliyə Nazarbayeva isə tikinti sektorunda çalışır, iş adamıdır.

Özbəkistan Prezidenti İslam Kərimovun birinci nikahdan bir oğlu, ikinci nikahdan isə iki qızı var. Oğlu Pyotr Kərimov Özbəkistanın Bekabad şəhərində bizneslə məşğuldur. Böyük qızı Gülnarə Kərimovanın atası ilə münasibətləri çox pisdir və hazırda ev dustağıdır. Kiçik qızı Lola isə Avropada yaşayır.

Qırğızıstan Prezidenti Almazbek Atambayevin iki nikahdan altı övladı var. Onlardan üçü qız, üçü isə oğlandır.

Övladlarının hazırda nə işlə məşğul olmasına dair dəqiq məlumat ala bilməsək də, onu öyrəndik ki, bir oğlu Türkiyədə təhsil alır.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun üç övladı var: bir oğlu, iki qızı. Oğlu Sərdar Berdiməhəmmədov Xarici İşlər Nazirliyində çalışır.

Qızlarına gəldikdə isə onlardan biri Türkmənistan Təbii Sərvətlər Agentliyinin London nümayəndəsi İlasgeldi Amanovla, ikinci qızı isə Türkmənistanın Fransadakı səfirliyinin əməkdaşı ilə evlidir.

İran Prezidenti Həsən Ruhani dörd övlad atasıdır. Övladları ilə bağlı məlumat əldə edə bilməsək də, onu öyrəndik ki, H.Ruhani 20 yaşında 14 yaşlı xalasıqızı Sahibə Ərəbli ilə ailə qurub. 47 ildir ki, ömür-gün yoldaşıdırlar.


Müəllif:
Загрузка...