İstanbulda polisin keçirdiyi əməliyyat nəticəsində öldürülən 2 PKK üzvünün dəfnində üzləri maskalı, əllərində silah olan şəxslər diqqət çəkib.
Avropa.info xəbər verir ki, Şirin Ötər və Yeliz Erbay adlı solçu terrorçu qadınların cənazələri Gazi qəbiristanlığına aparılıb.
Üzləri qırmızı parça ilə örtülü bir qrup isə əllərindəki "Kalaşnikov" avtomatları ilə qəbristanlığın yanında cənazələri qarşılayıblar.
Dəfnə qatılan PKK-nın siyasi qolu HDP həmsədri Figen Yüksekdağ terrorçuları müdafiə edən çıxışı ilə yadda qalıb.
"Yenə də bir dəfndəyik. Xalqımızla bir araya gəlmişik. Türkiyənin mənzərəsi budur. Türkiyədə yaxşı şeylər olmur",- deyə HDP həmsədri bildirib.
Dəfn mərasimindən sonra İstanbul polisi əlində silah tutan terrorçulara qarşı əməliyyat həyata keçirib. Polis vertolyotunun da havadan dəstək verdiyi əməliyyatda 6 nəfər həbs edilib.
Axtarışlar nəticəsində 2 ədəd "Kalaşnikov" markalı avtomatat, 4 daraq, 60 güllə və maskalar ələ keçirilib.
Polis kameralara düşən digər silahlı şəxsləri də həbs etmək üçün əməliyyat aparır.