İran Rusiyadan S-300 hava hücumundan müdafiə raket komplekslərinin ilk dəstini aldığını bildirib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu barədə İran XİN nümayəndəsi Hüseyn Cabir Ənsari bildirib. O, Rusiyadan göndərilmiş S-300 raket komplekslərinin ilk dəstinin artıq İrana çatdırıldığını deyib.
“Sövdələşmə icra olunmaqdadır. Sifarişin ilkin hissəsi gəlib çatıb, digər hissələri də gətirilir", - Ənsari deyib.
Keçən ilin aprel ayında Rusiya prezidenti Vladimir Putin İrana S-300 zenit raket komplekslərinin satışına qoyulmuş qadağanı ləğv edib. S-300 kompleksləri ballistic raketləri vurub məhv etmək qabiliyyətindədir.
2007-ci ildə İran ilə Rusiya arasında bağlanmış 900 milyon dollarlıq kontrakt BMT İranı sanksiyalara məruz qoyduqdan sonra dondurulmuşdu.
Sanksiyalar götürüldükdən sonra isə Rusiya-İran müqaviləsi yenidən işə düşdü. 2015-ci ilin noyabr ayında “Rostex” korporasiyasının Baş direktoru Sergey Çemezov bildirmişdi ki, Rusiya və İran arasında S-300 sistemlərinin İrana verilməsi barədə müqavilə qüvvəyə minib. İsrail Rusiyanın qərarını kəskin tənqid edib.
İsrail S-300 raketlərinə dair Rusiya-İran sövdələşməsini özü üçün təhlükə sayır. İsrailin mövgeyini ABŞ prezidenti Barack Obama dəstəkləyib.