"Rusiya pilotunu güllələyən Alparslan Polad məhkəmə qarışına çıxarılmalıdır"
Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi İlkər Başbuğ Atatürk Universitetində təşkil edilən “Milli siyasət, Orta Şərq və Türkiyə” mövzusunda keçirilən konfransda Ərdoğanın xarici siyasət kursunu kəskin tənqid edib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, general Başbuğ Türkiyənin regional güc olmasına böyük dövlətlərin icazə verməyəcəyini deyərək xəyala qapılmamağın lazım olduğunu söyləyib.
Sabiq baş qərargah rəisi terrorun milli bir problem olduğunu ifadə edərək siyasətçiləri sərt tənqid edib: “Terror daxili siyasətdə vasitə ola bilməz. "Üç səs vacibdir, yoxsa üç vətən övladı?” deyə general indiki vəziyyətə etirazını ifadə edib.
General PKK-nın planının xalqı qiyama qaldırmaq olduğunu, ancaq vətəndaşların bu təşkilatın yanında yer almadığının tək təsəlli olduğunu xüsusilə qeyd edib: “Terroru minimum səviyyəyə endirmək üçün Diyarbəkr və İstanbulda milyonlarla insan toplaşaraq PKK-nı lənətləməlidir”.
İlkər Başbuğ regional siyasətdən danışarkən də tənqidi fikirlər səsləndirib: “Türkiyənin regional güc olmasına böyük dövlətlər imkan verməz. Bu səbəbdən də xəyalçı olmaq lazım deyil. Regional güc olmaq üçün güclü iqtisadiyyat, güclü siyasət və güclü ordu lazımdır. Əgər Suriya mərkəzi hökuməti ilə diplomatik əlaqələrimiz nizamda olsaydı, qaçqınların bəlkə də Suriyanın şimalında birlikdə məskunlaşmasına, düşərgələrin yaradılmasına nail ola bilərdik. Suriya hökuməti ilə birlikdə əməkdaşlıq edərək bir etibarlı bölgə yarada və həm də Suriyanın şimalında indiki dəhlizin meydana gəlməsini əngəlləyə bilərdik. Ən azı indiki vəziyyətdən daha effektiv bir durumda ola bilərdik. Hesab edirəm ki, bu məsələni düzəltmək şansları hələ qaçırılmayıb. Ümid edirəm ki, bu fürsətdən istifadə edərlər”.
Sabiq baş qərargah rəisi daha sonra bildirib ki, Suriya mövzusunda İran və Rusiya ilə birlikdə hərəkət etməyin faydası daha çox olardı: “Şübhəsiz ki, bu mövzuda Amerika ilə birlikdə olmaq zəruridir. Ancaq Türkiyə-Rusiya arasında yaranan problemlərin dərinləşdirilməməsi vacibdir. Əlaqələrin qısa zamanda normal macəraya qaytarılacağına ümid edirəm”.
Ərdoğan siyasətini tənqid edən ordu generalı daha sonra bildirib ki, Türkiyənin vurduğu Rusiya təyyarəsinin pilotunu güllələyən Alparslan Poladın məhkəməyə çıxarılmasını doğru addım hesab edir: “Mən olsam, onu məhkəmə qarşısına çıxararam. Çünki etdiyi iş beynəlxalq hüquq baxımından günahdır. Başqa sözlə, Alparslan Polad Cenevrə müqaviləsinə zidd hərəkət edib. Məhkəməyə çıxarsanız bəlkə bu Rusiya-Türkiyə əlaqələrinin daha qısa zamanda düzəlməsi üçün imkan yarada bilər”.
Nemət