Teleqraf.com gənc şairə Seyid Aynurun müsahibəsini təqdim edir.
Seyid Aynur Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq, eləcə də Bakı Slavyan Universiteti nəzdindəki Yaradıcılıq fakültəsinin məzunudur.
“Ulduz” jurnalıda, "Kaspi"də, "Ədəbiyyat qəzet"ində şeirləri dərc olunub. "525-ci qəzet"də şeir və esseləri işıq üzü görüb.
2018-ci ildə şeirləri Türkiyədə Azərbaycan ədəbiyyatı antologiyasında dərc olunub.
Beynəlxalq sertifikatlı İnsan resursları mütəxəssisi olaraq HR sahəsində fəaliyyət göstərir.
2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
- Düşünürük, imzanızla rastlaşanlar öncə elə imzanıza diqqət yetirəcəklər: əcaba, bu, nə deməkdi - Seyid təxəllüsdü, statusdu, yoxsa bunun bir sakral hekayəti var?
- Soyadım Seyidova olduğu üçün qısaca Seyid Aynur təxəllüsü ilə yazmağa başlamışam. Yəni bunun dinlə heç bir əlaqəsi yoxdur. Bəziləri kimi özümü əziyyətə salıb qəliz adlar - qəbilə, ya da qeyri-adi çay, meşə adını təxəllüs seçməmişəm. Seyid təxəllüsündən istifadə edən tək xanım şair olduğumu dəqiq bilirəm.
O ki qaldı sakrallığa, tarix boyu Tanrı həqiqətlərini elə şairlər çatdırıb. Məsəl üçün, Yunis İmrə, Mövlanəni qeyd etmək olar. Məncə, şairin vəzifəsi özünə dəbdə olan, qulağa yatımlı təxəllüs seçmək deyil, yaxşı şeir yazmaqdır.
- Əvvəldən başlamışıqsa, hələlik bir az əvvəldə qalaq. Vaqif Səmədoğlunun belə bir misrası var: "Belin qırılsın, belin, mənə şeir yazdıran qüvvə..." İstərdik sizi şeir yazmağa vadar edən ilk və davam edən təkanlardan danışasanız. Adına hadisə deyilən o hal nə zaman, harda, necə haqlamışdı sizi?
- Məşhur filosof, şair Lev Karsavinin sözü ilə desək: “Şair uşaqdır, o, dünyanın ən gözəl təbəssümüylə - göz yaşları içində təbəssümlə gülür”.
Əvvəla şair dəhşətli dərəcədə tənha adamdır. Yaxşı şeir də, dəqiq bilirəm ki, xoş gündən yaranmır. Adam var yuxuda, adam var yol gedərkən ən möhtəşəm şeirini yazır.
Şeri nə cür yazdığımı bilmək istəyirsinizsə, bəndəniz eşitdiyi səsləri və kino lenti kimi gözlərinin qarşısında canlanan görüntüləri misralara çevirib yazır. Şair gizlində olanı bir az da aşkar edən mistik insandır, məncə.
- Öz ədəbi iddianızı ortaya qoymaqda bir az gecikmiş kimi görünürsüz. Gecikməyinizlə razı deyilsinizsə, olsun, amma qəfləti gəlişinizlə razılaşmalı olacaqsınız. Birdən-birə "Lal gəmilər" adlı şeir və esselər kitabınız çapdan çıxdı, AYB-də təqdimat keçirdiniz, məlum oldu ki, önsözün də müəllifi professor Vaqif Yusiflidi. Bunlar haqda danışın...
- Mənim 16 ilə yaxındır ki, ədəbi qəzet və jurnallarda dərc olunmağımı nəzərə alsaq, gecikməmişəm yəqin. Sadəcə kitab nəşr etdirməyin məsuliyyətli bir iş olduğunu bildiyim üçün, məncə, doğru addım atmışam. Şeirlər, fikrimcə, müəyyən qədər dəmə qoyulmalıdır. Ona görə də “Lal gəmilər” adlı kitabım elə vaxtında işıq üzü görüb.
Ümumiyyətlə, ədəbi cameədə yaşıdlar arasında kitabı ən gec işıq üzü görən mənəm. Əslində mən tanınmaq ya da məşhur olmaq üçün şeir yazmamışam. Özünüz də bilirsiniz ki, heç bir ədəbi məclisin üzvü deyiləm və heç bir qruplaşmada iştirak etmirəm. Məktəb illərindən bəri şeir yazıram. Şeir yazmağa bir ritual kimi baxıram. Şeir yazmaq mənim üçün ruhun ehtiyacıdır.
Bir şeyi dəqiq bilirəm ki, poeziya olmasaydı, dünya yaranmazdı. Dünya özü ritm üzərində yaranıb. Əvvəl şeir gəlib dünyaya, sonra şair.
O ki qaldı “Lal gəmilər” kitabı barədə deyilən fikir və yazılan bütün mətnlər üçün burdan haqqımda müsbət, ya da mənfi fikir bildirən hər kəsə təşəkkür edirəm. Hörmətli professor Vaqif Yusiflinin kitabıma ön söz yazması ayrıca qürurlandırır məni.
- Deyirlər, yaradıcı adamın bioqrafiyası olmur, taleyi olur. Bu aforizm əsla bioqrafik cizgiləri kənara qoymağa izn verən "qanun" sayıla bilməz və ya sayılmamalıdı. İxtisasca hüquqşünassınız. Niyə hüquqşünas? Niyə, məsələn, filoloq yox?.. Düşünürsünüz ki, bu iki o qədər də doğma və yaxın olmayan sahəni bir tavan altına gətirə biləcəksiz?
- Niyə də yox... İxtisasca hüquqşünas olmağım heç vaxt şeir yazmağıma mane olmayıb. Əksinə, şeirdə detalları düşünməyə kömək edir. Bu iki fərqli sahə nəinki bir tavan altında yaşamağa davam edir, hətta çoxdan nikah masasında bir-birlərinə sədaqət andı da içib.
- "Lal gəmilər" ədəbi aləmdə sükutu poza bildimi? Necə qarşılandı ilk kitab - ünvan seçdiyiniz auditoriyadan razı qaldınızmı? Eşitdiyiniz tərif haqda danışmaya bilərsiz, amma iradları bölüşsəniz maraqlı olar.
- Mənim məqsədim məşhurlaşmaq deyildi. Elə yaxşı ki, məşhurlaşmadım da. Kitab ömrümdən vaxtsız gedən doğma insana həsr olunub. Necə ki, gəmilər tufanlı dənizin qəzəbinə, dalğaların silləsini dözüb, elə də mən taleyin qələminin yazdığı bu qismətlə barışmalı olmuşam. Kitab ithafdır. Mənim üçün mənəvi dəyəri böyükdür.
- Şeirlərinizdən bir oxucu kimi bəhs eləsək, ilk növbədə ciddiliyi, gərginliyi, qəribə bir nizam-intizamı qeyd eləmək istərdik. Bu, sizin stiliniz, üslubunuzdu, yoxsa ovqatınız?
- Yaradıcı insanlar əzab çəkməyə bir az da meyilli olur. İnsanı keçmişə bağlayan xatirələr, təəssüf və acılar, çətinliklərə rəğmən hər kəsin ürəyində bir ümid qığılcımı olur. Şeirlərim təəssürat və ovqatdan yaranıb desəm səhv etmərəm. Şeirlərimdə ayrılığın, ölümün kədərindən danışmaqdan çox şəklini çəkə bilmişəm, məncə.
- İlk kitabınızın nəşrində dünyadan vaxtsız getmiş bir insanın xatirəsi mühüm rol oynayıb. Ümumiyyətlə, sarsıntıların, sterslərin insan həyatındakı rolu barədə nə düşünürsüz? Yaradıcılığza necə təsir edir? Hərdən adama elə gəlir ki, sarsıntılar insanı yeni bir həyata, yeni bir mərhələyə sarı "qovur".
- Stress və sarsıntıları bu dünyaya gəlmiş istənilən Adəm övladı yaşaya bilər. Hər doğmasını itirən şair olmur, əlbəttə. Ancaq bir həqiqət də var ki, hər bir yaradıcı insan travmaları ilə yaşayır. Bir çox şeirlər var ki, oxuyan kimi necə deyərlər kədərə, qəmə ürcah olursan. İnilti, göz yaşları içində hayqırtı duyursan.
Fikrimcə, yazdığım şeirlər mənim haqda dərdini səssiz yaşıyan və çox ağır bir tale yükünü çiyinlərində daşıyan bir insan obrazı yaradır. Mən dərdi danışmaqdan çox yaşamağı və sakit yazmağı seçmişəm.
- Sizə hansı janrda yazmaq rahatdı, özünüzü müxtəlif janrlarda sınamaq istərdinizmi?
- Fərqi yoxdur qafiyəli ənənəvi və ya sərbəst şeir, hər birində şeirlər yazmışam. Gələcəkdə nə cür şeir yazacağımı indidən deyə bilmərəm. Ancaq ədəbiyyatımızda bir tendesiya var, şair ola bilməyən hər kəs özünü nəsrdə sınayır. Ümid edirəm ki, mənim yazmağa hər zaman sözüm olacaq. Özümə nəsrə keçməyi arzulamazdım. Nəfəs aldığım müddətcə şeir yazmaq istəyirəm.
-İşinizdən razısınız, həyatınızdan necə?..
- Nə yaradıcılığımdan, nə də işimdən razıyam. Hələ gediləsi uzun bir yol var. Şeirlərimin birində belə misralar var:
Ayrılandan bilmişəm -
Qəfəsə quşları yox,
Saatları qoymalıydıq.
Doğurdan da fikirləşəndə görürəm ki, zamanında etmədiyim, demədiyim, yaşamadığım şeylər çoxdur. Bir də sevdiyimiz insanlar istəmədən ömrümüzdən bir dəfəlik gedə bilir. Ayrılıqlar, ölümlər yaşayırıq. Bu dünyada əsas zamandır. Sevdiklərimizlə daha çox vaxt keçirməliyik. Ömür vəfasızdır, həm də çox...
- Qadın və kişi ədəbiyyatı anlayışını qəbul edirsizmi?
- Qadın ədəbiyyatı deyəndə tez-tez ağlıma sentimental, zəif misralar, ağlamsınmış cümlələr gəlir. Əksər qadın şairələrimiz milyon kərə yazılmaqdan canı çıxmış kəlmələr, tiftik basmış qafiyələrdən istifadə edir. Hələ nəsri demirəm. Bir sözlə, dəhşət saçan yüzlərlə mənasız yazılar, roman və şeir kitablarının adını çəkmək olar ki, orda qadın, məhz qadın özü-özünü ikinci dərəcəli adam kimi aparır.
Hədsiz həssas olan qadın yaratdığı mətndə hədəfdən istəməyərəkdən yan keçir. Tanıdığım bu cür qadınlarda ədəbiyyat iddiası çox, istedad isə az olur. Ümumiyyətlə, gəlin daha dərinə getməyək. Müsahibəni oxuyub haqqımda tənqidi fikirlər yazacaqlar. Allah eləməsin, adımı qadın düşməni də qoyarlar.
Qadın şairələrdən də çox emosional olub, vay-şüvən şeirlər yazan, qalaq-qalaq romanlarını bəsit kişi-qadın ehtirası üzərində quran az saylı kişi yazarlarımız da var ki, onlar da, necə deyirlər, “kişi ədəbiyyatı”nın utanc yeridir. Hərdən fikirləşirəm ki, onlarda qadın hormonları daha çoxdur, yəqin. Ancaq bir şeyi etiraf etməliyik ki, qadın və kişinin yaratdığı ədəbiyyat tamamilə fərqlidir.
- Məmməd Arazın belə misraları var: "Ey ilham pərisi varsansa əgər, Bu axşam üstümə qanadını gər..." Siz necə, ilham pərinizin gəlişini arzulayırsızmı?
- Bəzilərinə görə Muza gözə görünməz, ilahi bir varlıq, kimi üçünsə də eşq-məhəbbət, gözəl bir qadındır. İlham pərisinə yunan mifologiyasında Muza deyirlər. İlhamsız yaranan əsər çox cansızdır, zənnimcə. Adını nə qoyursunuzsa qoyun, onu dəqiq bilirəm ki, ilham pərisinin nə cür varlıq olmasından asılı olmayaraq, onsuz mümkün deyil...
- Azərbaycan və dünya ədəbiyyatından kimləri oxuyur və sevirsiz? Mütaliə imkanlarınızıdan razısınız?
- Çalışıram zaman olduqca yaxşı əsərləri mütaliə edəm. Ən son oxuduğum Cənubi Koreyalı yazıçı Han Kanqın romanları oldu. Özümüzün gənc yazıçı-şairlərimizi də oxuyuram. Yaxşı yazan gənclərimiz çoxdur.
Nədənsə bugünkü ədəbiyyatımızda kişi yazıçı və şairlər qadın yazarlarımızdan daha peşəkar və məhsuldar yazıb yaradır. Yaxşı kişi yazarlarımız sayca daha çoxdur. Vaxt olduqca yaxşı əsərləri tapıb oxumağa çalışıram.
Gənclik illərimdə şair Vaqif Bayatlı Odər və şair Rüstəm Behrudinin yaradıcılığını bəyənib sevmişəm:
Kim sevmirsə, demək gülmür,
Sevib gül olmayıb hələ,
Bəlkə Allah görmür onu,
Bəlkə doğulmayıb hələ.
(Vaqif Bayatlı Odər)
Məni dərd deyil, adamlar,
Adamlar öldürdü; sən, sən...
Baş daşıma qoyulacaq
Çiçəklərdən də gözəlsən,
Məzarlıqda bitən yovşan.
(Rüstəm Behrudi)
- Yaşıdınız gənc yazıçı və şairlərdən kimləri oxuyursuz? Ad çəkin, tərif və tənqid edin...
- Ad çəksəm doğru alınmaz, kimlərisə unuda bilərəm. Demək olar ki, əksər gənc şair və yazıçıları oxuyuram.
- Necə düşünürsüz, ədəbiyyat sizi xilas edirmi?
- Ədəbiyyat indiyə qədər kimisə xilas edə bilsəydi, cameədə tanıyıb, bildiyimiz kim varsa bəxtəvər olardı.
- Oxucunu kənara qoysaq, öz mətnlərinizdən özünüz razısınızmı?
- Seyid Aynur dəhşətli dərəcədə özündən narazı insandır. Yəni istənilən yaxşı gördüyüm işi bir gün sonra rahatca gözümdən üzü aşağı elə bir sürətlə tullaya bilərəm ki, düşər yerə, çilik-çilik olar.
- Heç bir təfərrüatsız sonuncu sual: Siz nə etmək istəyirsiz?..
- Yaşamaq istəyirəm. Sadəcə yaşamaq. Şair Orhan Vəli gözəl deyib:
“Yaşamak kolay değil ya, kardeşler,
Ölmek de değil”