Viskonsin Universitetinin tədqiqatçıları pilotsuz uçan aparatlara asıla bilən adi partlayıcı maddələr və bölünən materiallar detektoru hazırlayıblar. Detektorda istifadə edilən texnologiya öz-özlüyündə yeni olmasa da, tədqiqatçılar ilk dəfə kompakt yüngül cihaz yaratmağa nail olublar. Hazırda oxşar qurğulardan aeroport və dəniz limanlarında yüklərin yoxlanılması üçün istifadə olunur, lakin onlar həcminə görə ağır və iridir.
Tərtibatçıların fikrincə, yeni detektordan kəşfiyyat pilotsuz uçan aparatlarda döyüş əməliyyatı zonalarında əldəqayırma partlayıcı maddələrin axtarışı, eləcə də əvvəllər quraşdırılan mina ərazilərinin sərhədlərinin tez müəyyənləşdirilməsi üçün istifadə oluna bilər. Bundan başqa, texnologiya şübhəli əşyaların tərkibini tez və böyük xərc tələb etmədən müəyyənləşdirməyə imkan verəcək. Hazırda bu məqsədlər üçün mühəndis-istehkamçı robot bölmələri və partlayıcı maddələrin identifikasiyası üçün səyyar laboratoriyalar cəlb olunur.
Texnologiya üçün maliyyə alınandan sonra detektorun üzərində işin başa çatdırılması, sınaqları və ordulara çatdırılması yaxın illərdə baş tuta bilər. Mütəxəssislərin sözlərinə görə, onların kəşf etdiyi detektor insanlar üçün ümumilikdə təhlükəsiz olsa da, pilotsuz uçan aparatın tədqiq etdiyi zonada heç kimin olmamasına əməl etmək lazımdır. İlkin qiymətləndirməyə görə, tədqiq edilən zonada 10 dəqiqə olan insan təyyarə sərnişinin 1 saat ərzində 9,2 min metr hündürlükdə uçuşunda olduğu kimi radiasiya dozası alır.
Təkcə əşyaları yox, həm də onların hazırlandığı maddələri müəyyənləşdirə bilən müasir yoxlama sistemləri yüksək gücə malik neytron generatorlar əsasında hazırlanıb. Belə generatorlar tritium üzərinə düşərək yüksək enerjili neytronlar əmələ gətirən deytron sürətləndiricisindən istifadə edir. Öz növbəsində deytron sürətləndiricisi tədqiq edilən obyektin üzərinə düşərək müxtəlif intensivliyə malik əks-şüalanma yaradır. Belə şüalanmanı müəyyənləşdirməklə obyektin tərkibinin hansı maddədən ibarət olması barədə fikir yürütmək olar.
/İCTnyus/