Ermənistanda daxili situasiyanın gərginləşmə ssenarisi üzrə inkişaf edəcəyi gözləniləndir. Mən bunu istisna etməzdim. Obrazlı desək “Qarabağ klan”ı Nikol Paşinyanı çoxdan devirmək planını işə salıb. İndi bu proses yerindən tərpənə bilər.
Bu fikirləri Teleqraf.com-a politoloq Hikmət Hacızadə Ermənistan daxilində siyasi ab-havanın hansı ssenarilər üzrə inkişaf edəcəyi haqda fikirlərini açıqlayarkən deyib.
Onun fikrincə, “Qarabağ klanı” Ermənistan Baş naziri Nikol Paşinyanı Rusiya-Ermənistan münasibətlərinə zərbə vurmaqda, bunun nəticəsi olaraq Qarabağda mövqelərin itirilməsinə görə ittiham edə bilər: “Ona deyilə bilər ki, bu problemləri sən yaratmısan, odur ki, kənarda dur”.
Bununla belə keçmiş diplomat hesab edir ki, Ermənistanda hakimiyyətdə Nikol Paşinyandır və onun gücü “Qarabağ klanı” ilə müqayisədə bir qədər çoxdur: “Ancaq hər şey müharibədən və onun nəticələrindən asılıdır. Azərbaycan daha da irəliləsə, bunun erməni daxili siyasi mühitinə təsirləri güclü olacaq. Xüsusilə, “Qarabağ klanı”nın Nikol Paşinyanı ittiham etməsi üçün arqumentləri güclənəcək. Deyəcəklər ki, Azərbaycan ordusu az qala Göyçə gölünə çatır. Təbii ki, erməni xalqı da coşacaq, ayağa qalxacaq, mitinqlər başlayacaq. Əlbəttə, belə halda mühüm tərəf odur ki, ordu kimin tərəfini tutacaq. Bu da mühüm qüvvədir”.
Politoloq qeyd edib ki, Ermənistanda nizami ordu var, ancaq uduzan ordu daima idarəetmədən çıxır: “Uduzan ordunu bir mərkəzdən idarə etmək çətindir. Belə halda ordu özü-özünü idarə etməyə başlayır. Hərbi komandirlər, diviziya rəisləri, hətta batalyon komandirləri özləri əmrlər verirlər. Hər şey bizim uğurlarımızdan asılıdır. Bizim uğurlarımız çox olsa, Paşinyana qarşı etirazlar güclənəcək və onu hakimiyyətdən salmaq ehtirası güclənəcək”.
Hikmət Hacızadənin fikrincə, Ermənistanda baş verməsi mümkün görünən siyasi etirasların bizə heç bir isti-soyuğu yoxdur: “Bizim üçün vacibi indi ordumuzun irəliləməsidir”.