11 Noyabr 2020 15:38
62 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamenti qarşısında mitinq gedir. Vətəndaşlar Paşinyanın istefasını tələb edirlər. Ermənistan Milli Təhlükəsizlik Xidməti mitinqin təşkilatçısı olan "Çiçəklənən Ermənistan" partiyasının sədri Çaruxyanı yenidən həbs edib. Eyni zamanda Milli Təhlükəsizlik Xidmətinin işçiləri ilə vətəndaşlar arasında toqquşma baş verib.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında BDU-nun Erməni araşdırmaları elmi tədqiqat və tədris Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi düşmənin Qarabağ məğlubiyyətindən sonra Ermənistandakı vəziyyət haqqında danışarkən deyib.

Onun sözlərinə, hazırda Ermənistanda vəziyyət gərgindir, 17 partiyanın birləşməsi nəticəsində birgə mitinqlər gedir:

"Çıxışçılar iddia edirlər ki, Paşinyan onları aldadıb. Nikol Paşinyanın harada olduğu barədə hələlik məlumat yoxdur. Partiya üzvləri olan deputatlar Qarabağa gediblər. Ermənistanlı ermənilərlə rus sülhməramlı qoşunları arasında kiçik toqquşma baş verib. Rusiya sülhməramlı qoşunlarının qüvvələri onlardan Qarabağı tərk etməyi tələb ediblər, amma onlar bundan boyun qaçırırlar. Rus ordusuna qarşı təhqirəmiz ifadələr işlətdikləri üçün kiçik toqquşmalar baş verib. Lakin rus qoşunları onları "sakitləşdirməyi" bacarıb.

Hazırda Ermənistan əhalisi Nikol Paşinyanın Putinə verdiyi razılıqnaməni qeyri-qanuni hesab etməyə hazırlaşır və yenidən Qarabağ müharibəsini davam etdirmək niyyətindədirlər. Mətbuatda məlumatlar verilir ki, bəzi tanınmış insanlar, o cümlədən erməni olimpiya çempionlarının bir neçəsi guya hazırda Şuşaya daxil olduqlarını, Şuşadan şəkillər çəkdirdiklərini deyərək əhalini qızışdırırlar. Guya ermənilər məğlubedilməzdir, Nikol Paşinyan onları satıb".

İsmayıl Tanrıverdi bildirib ki, düşmən tərəfin əhalisi məğlub olmasına baxmayaraq, torpaqları tərk etməyə hazırlaşmırlar: "Təbii, hər birimiz arzu edirik ki, ermənilər torpaqları könüllü tərk etsin. Amma 30 il ermənilərin arasında yaşayan biri kimi onların həyasızlığını nəzərə alanda inanmıram ki, Kəlbəcərdən, Laçından, Ağdamdan çıxsınlar. Hazırda xəritələr paylaşır, hələ də "Artsax" deyərək üsyan edirlər. "Artsax müstəqil olmalıdır, Ermənistanın deyilsə, Azərbaycanın da olmamalıdır" kimi şüarlar səsləndirirlər.

Prezidentimizin də qeyd etdiyi kimi, ermənilərin orada bizimlə yaşaması mümkün haldır. Beynəlxalq aləmə göstərə bilərik ki, onlara zorakılıq etmədik, öz torpaqlarında yaşayırlar.

Bəzi Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edərək, Qarabağda yaşamağa hazırdırlar. Amma onları da xəyanətkar adlandırıb, "siz erməni deyilsiniz" kimi fikirlər bildirirlər. Bu gün səhər izlədim, cəbhədən qayıdan, Paşinyanın tərəfdarı olan yaşlı nəslin nümayəndəsi danışırdı. "Əgər Nikol Paşinyan müharibəni dayandırmasa idi, biz bütövlükdə müharibəni dayandıracaqdıq. Lakin hazırda Qarabağda yaşamaq hüququ əlimizdədir, bu o demək deyil ki, Qarabağı itirmişik" sözlərini söylədi".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər