44 günlük müharibədə ağır məğlubiyyətə səbəb olan və vəzifəsindən istefa verməyə məcbur qalan Ermənistanın sabiq müdafiə naziri David Tonoyan danışıqlar prosesinin pozulması və müharibənin başlanmasına səbəbkar kimi Azərbaycan və Türkiyəni göstərməyə cəhd edib.
Teleqraf.com xəbər verir ki, Tonoyan bunu erməni mətbuatına müsahibəsində iddia edib.
O qeyd edib ki, erməni tərəfinin 1994-cü ilə qədər tutduğu mövqelərin möhkəmləndirilməsi, döyüş növbətçiliyinin təşkili və uzun müddətə müasir silahların əldə edilməsi vəzifələrini - ermənilərin təhlükəsizliyini həll etməyib:
“İşğal olunan sərhədləri qorumağın əsas hədəfi nə idi: tarixi ədaləti bərpa etmək, Qarabağ və Ermənistan ermənilərinin uzunmüddətli və sabit təhlükəsizliyini təmin etmək, beynəlxalq səviyyədə “tanınmaq” üçün danışıqlar prosesi üçün əlverişli şərait yaratmaq, yoxsa ərazilərin qaytarılması müqabilində Qarabağın statusu? Əminliklə deyə bilərəm ki, nə birincisi, nə ikincisi, nə də üçüncüsü. Mövcud geosiyasi mühitdə uzunmüddətli və davamlı təhlükəsizlik, iqtisadi inkişaf məsələləri mövcud sərhədlər və müdafiə konsepsiyaları konteksində həll olunmazdı. Danışıqların uğursuzluğu gec-tez müharibəyə səbəb olardı. Son 26 ildə müdafiə və xarici siyasət konteksində mövcud sosial, demoqrafik və iqtisadi imkanlar daxilində dördüncü - Ermənistan tərəfi üçün sərfəli variant həll prosesinin davamlılığı idi”.
Tonoyan müharibədə işğalçılıq niyyətinin darmadağın edilməsini başqa bəhanə ilə əsaslandırmağa cəhd edib:
“Prezident tərəfindən 2018-ci ilin fevralında təsdiqlənən 2018-2024-cü illər üçün Silahlı Qüvvələrin Modernləşdirilməsi Proqramı və Təhlükəsizlik Şurasının 2019-cu ildə qəbul etdiyi Silahlı Qüvvələrin İnkişafı Planı tam yerinə yetirilməyib".
Müharibə zamanı özünün buraxdığı səhvlər haqqında danışmağa əsas görməyən Tonoyan əlavə edib ki, baş nazir, Müdafiə Nazirliyi və Baş Qərargah arasında müharibə əsnasında komandanlığın şaquli təşkilində anlaşmazlığı aşmağı bacarmayıb:
“Xüsusilə, səfərbərlik xidmətinin, Təhlükəsizlik Şurasının rolu və funksiyaları, Ermənistan Silahlı Qüvvələri və Qarabağın müdafiə dəstələri və Qarabağın “prezidenti” arasında rəsmi münasibətlər və əhalinin evakuasiyası ilə bağlı məsələlərdə. 2015-ci ildə qəbul edilən Konstitusiyaya görə, müharibə zamanı müdafiə naziri hərbi əməliyyatların planlaşdırılması və aparılmasından kənarlaşdırılır, bu səlahiyyət ali baş komandan və Baş Qərargah rəisinə verilir. Konstitusiyaya dəyişiklikdən sonra bu anlaşmazlığı müdafiə qanunu ilə həll etməyə cəhd göstərdilər. Bu da göründüyü kimi yetərli olmadı”.