“Keçən həftəyə qədər müxtəlif siyasi dairələrin nümayəndələri Baş nazir Nikol Paşinyanın istefaya getməyəcəyi və erkən seçki məsələsinin gündəmdən düşəcəyi barədə fikirlərini bildirdilər”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti bildirib.
Qəzetin yazdığına görə, istefa məsələsi ilə bağlı hakim komandandada fikir yekdilliyi olmayıb:
“Məsələ burasındadır ki, hakim komandadakı hər kəs Nikol Paşinyanın istefası və erkən seçkilərin keçirilməsi fikri ilə razılaşmır və belə bir addım atmağın mənasının olmadığını bildirirdi. Hakim komanda üzvləri hesab edirdilər ki, istefaya getməmək üçün sərt mübarizə davam etdirilməli idi. Hətta Paşinyanın bu qərarını nəyin bahasına olur-olsun əsaslandıraraq onu açıq şəkildə müdafiə etməyə hazır insanlar da vardı.
Lakin Paşinyan komandadakı hər kəsi sakitləşdirdi, onları narahat olmamağa çağırdı, çünki hər şey dəqiq hesablanıb və onun göstərdiyi ssenari üzrə davam edir. Üstəlik qeyd etdi ki, heç bir problem yoxdur, qarşıya qoyulan plan maksimum dərəcədə həyata keçirilir.
Əldə etdiyimiz məlumata görə, Paşinyan bazar günü MSK sədri Tiqran Mukuçyanla görüşüb, onunla seçki siyahıları, seçkilərin keçirilməsi və digər nüanslarla bağlı bəzi məlumatlar verib”.